Newscenter.az.29.11.2021. Misirdəki diaspor mərkəzində Azərbaycan dilinin qrammatikasını mənimsəmiş tələbələrin nitq qabiliyyətini təkmilləşdirmək məqsədilə fonetika klubu yaradılıb.
Newscenter.az xəbər verir ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun sədrliyi ilə klubun ilk məşğələsi keçirilib. Qahirədə təhsil alan azərbaycanlı tələbələrin də iştirakı ilə həftədə 3 saat keçiriləcək dərslərdə misirli gənclər dilimizin orfoepiya normaları çərçivəsində sözlərin düzgün tələffüz qaydalarını öyrənəcəklər. Məşğələlər zamanı hər həftə yeni mövzu seçiləcək və tələbələrə Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinin qiraəti üzrə biliklər aşılanacaq. Növbəti həftə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərini oxuyan və əzbərləyən misirli gənclər onları Azərbaycan dilində söyləyəcəklər. Kursun rəhbərləri onların nitqi ilə bağlı fonetik təhlil aparacaqlar.
Qeyd edək ki, misirli gənclər və Qahirədə təhsil alan digər ölkələrdən olan tələbələr diaspor mərkəzimizdə təmənnasız keçirilən Azərbaycan dili kurslarına böyük maraq göstərirlər. Dilimizi öyrənmək istəyənlərin sayı ildən-ilə artır.
Mehman