Newscenter.az.29.11.2021. “Noyabrın 26-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçirilən görüş növbəti diplomatik və siyasi qələbəsi kimi tarixə düşdü. Soçi görüşündə qəbul edilən üçtərəfli bəyanatda Azərbaycanın maraqları bütünlüklə ifadə olundu. Bəyanatda Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiya dəhlizlərinin açılması məsələləri əksini tapdı ki, bu da Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi inkşafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Soçi görüşü Azərbaycan və Rusiya arasında münasibətlərin yüksək səviyyədə və artan dinamika ilə inkişaf etdiyini göstərdi. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə böyük ehtiram və hörmətlə yanaşması, ölkələrimiz arasında əməkdaşlığa görə təşəkkür etməsi dövlət başçısının həyata keçirdiyi müdrik xarici siyasətin bariz göstəricisidir”.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. İmzalanmış sənəddə əks olunan məqamlara əsasən əminliklə demək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub və üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Xüsusilə də qeyd olunmalıdır ki, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb:
“Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin olmaması, ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi, Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması, əvəzində sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilməsi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarların qəbul olunması bir daha Azərbaycan dövlətinin qətiyyətli mövqeyini nümayiş etdirib. Soçi bəyanatı ilə tərəflər Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq ediblər. Bəyanata əsasən Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımların atılması, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması razılaşdırılıb. Eləcə də regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin həyata keçirilməsi zəruriliyi qeyd olunub. Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda verilməsinə hesablanıb”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Soçi görüşü Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı təşəbbüsünün də reallaşmasının təsdiqi ilə yadda qaldı:
“Rusiya prezidenti Vladimir Putinin “dəhliz” dedikdə “avtomobil və dəmir yolları” deməsi, həmçinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətməsi bir daha Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla Rusiyasının mövqeyinin üst-üstə düşdüyünü də isbatlayır”.
Sədaqət Vəliyeva əlavə edib ki, Soçi görüşü və bəyanatı Ermənistanın və erməni lobbisindən qidalanan radikal müxalifətin iddialarını da iflasa uğratdı:
“İlk olaraq Paşinyanın görüşdən öncə səsləndirdiyi şovinist və təxribat xarakterli fikirləri reallıqda öz əksini tapmadı. İkincisi, ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi ilə danışıqların formatı bir daha təsdiq edildi və status məsələsinin artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı isbatlandı. Üçüncüsü, Ermənistanın prosesə Qərbi daxil etməyə cəhd etməsi planları da “ölü” doğulmuş ideya effektini verdi. Bir sözlə, Soçi görüşü Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi yadda qalsa da, həm də geosiyasi üstünlük qazanması ilə də tarixə keçdi. Heç şübhəsiz ki, Soçi görüşü və qəbul edilmiş bəyanat Prezident İlham Əliyevin qətiyyətinin, müdrik siyasətinin, xalqa və Vətənə olan sevgisinin, uzaqgörənliyinin nəticəsidir. Həmçinin, Prezident İlham Əliyev qətiyyəti və müdrikliyi Paşinyanı və Ermənistan hakimiyyətini mövcud reallıqlarla barışmağa məcbur etdi. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur ki, onun müəllifi də Prezident İlham Əliyevdir”.
Ruhiyyə