Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TRACECA üzərindən yükdaşımaların sadələşdirilməsi məsələsi müzakirə edilib



Newscenter.az.29.11.2021. Noyabrın 29-da Dövlət Gömrük Komitəsində "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayevlə görüş keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev və qurumun Azərbaycandakı nümayəndəsi Rüfət Bayramov iştirak ediblər.

Görüşdə TRACECA üzərindən yükdaşımaların sadələşdirilməsi, rəqəmsallaşdırılması və yeni layihələrin tətbiqi məsələləri müzakirə olunub.

Cavad Qasımov bildirib ki, şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan TRACECA-nın fəal iştirakçılarından biridir. Komitə sədrinin müavini son illərdə ölkəmizdə tranzitin inkişafı ilə bağlı mühüm addımların atıldığını, nəticədə tranzit potensialımızın sürətlə artdığını vurğulayıb. Hazırda Xəzər dənizi vasitəsilə bütün istiqamətlər üzrə yükdaşımalarda ciddi artımın müşahidə olunduğunu qeyd edən Cavad Qasımov Azərbaycanın və digər Xəzəryanı ölkələrin bu sahədə geniş imkanlara malik olduğunu və səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. O da vurğulanıb ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi qələbə regiondakı kommunikasiya dəhlizlərinin açılmasına, bu da öz növbəsində tranzitin inkişafına yeni imkanlar yaradacaq.

"TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev Azərbaycanın bütün regionda və TRACECA-da da mühüm rola malik olduğunu vurğulayıb və quruma sədrliyi dövründə ölkəmizin səmərəli fəaliyyətindən məmnunluqla bəhs edib. TRACECA ölkələrinin gömrük orqanları arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edən Aset Asavbayev gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi məsələlərinə toxunub. O da vurğulanıb ki, Azərbaycan gömrüyünün bu istiqamətdə qazandığı təcrübənin digər tərəflərlə paylaşılması ümumi işə fayda verəcək. Aset Asavbayev Zəngəzur dəhlizinin açılmasının yalnız region üçün deyil, Orta Asiya ölkələri üçün də yükdaşımaların sürətləndirilməsi və həcminin artırılması baxımından faydalı olacağına ümid etdiyini bildirib.

Daha sonra görüşdə TRACECA üzərindən yüklərin daşınması prosesində sənədlərin elektronlaşdırılması, blokçeyn texnologiyalarının tətbiqi, Global Tranzit Sənədi (GTrD) çərçivəsində pilot layihənin həyata keçirilməsi və digr məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gücləndiriməsinin vacibliyi vurğulanıb.

Sevinc
Xəbəri paylaş