Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan dünyaya bir Günəş kimi doğur”



Newscenter.az.30.11.2021. Zəngəzurun Ermənistana verilməsindən 101 il ötür. 1920-ci ilin 1 dekabrında Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verildi.

101 ildən sonra təqvimindən qaranı, tarixindən yaranı silməyə qalxan Azərbaycan sürətin və qüdrətin, qətiyyət və şərəfin elə bir məqamındadır ki, fikrin və hissin, düşüncə və hərəkətin nəbzi yalnız “Zəngəzur Azərbaycandır!” nidasıyla vurur və yalnız bircə ladda oxunur; “Qələbə, qələbə, ancaq qələbə!” ladında. Zorun və Şərin, biganəliyin və etinasızlığın qərəz və tərəfkeşlik adlı 101 illik əsirliyində əzdirilmiş Azərbaycan bu haqq savaşında dünyaya hüququn, hərbin, diplomatiyanın, siyasətin elə bir məharətli idarəçilik mədəniyyətini nümayiş etdirir ki, ikili standart hiylələrinin puç olduğunu görən “ikibaşlı oyunların generalları” artıq müttəfiqlik dalğasını “Bakı vaxtı ilə” tutmağa çalışırlar. Azərbaycan sözünün sahibi və söz sahibi kimi, həm də türklüyün, əməkdaşlığın, tərəfdaşlığın, müttəfiqliyin, qonşuluğun “Zəngəzur prosesi” modelini o qədər sadə, aydın, şəffaf, konkret və hamıya açıq humanist prinsiplər üzərində qurub və bəyan edib ki, onunla “dəyirmi masa”ya əyləşmək niyyətləri geosiyasi maraqların ciddi korrektəsini zəruri edir.

Azərbaycan regionda qardaşlığın, sülhün təminatçısı adını hərbi cinayətkarlığın misli görünməmiş qəddarlığından qarış-qarış, addım-addım, məzar-məzar keçərək, soyqırım, terror, genosid, ekosid, faşizm, separatizm, vandalizm… fəlakətlərinin ümumiləşdirilmiş adı olan ermənilik taununa qarşı təkbaşına vuruşa-vuruşa qazanır. Gücü-güvənci isə, nazilsə də üzülməyən haqqa inamı, əsgərinin qanı-canı bahasına qoruduğu beynəlxalq hüququn normalarına sadiqliyi, lider – sərkərdəsi ilə bir olan xalq-ordu tandemini idarə edən milli birlik əzmi, cəngavər ruhu diri saxlayan çoxəsrlik qəhrəmanlıq ənənəsi, ən çətin anda tapındığı yazılan-yazılmayan dəyərlərə sədaqət hissi və bir də böyük mədəniyyətidir. Bu mədəniyyətin xüsusi təyinatlı sözü dünya dillərində liderinin, sərkərdəsinin səsi ilə tarixin yaddaşını oyadır, həqiqətin tozunu alır və “Azərbaycan dünyaya bir Günəş kimi doğacaq” (Heydər Əliyev) əminliyini Tarixin səhnəsinə çıxarır. Və bu dəfə feilin zamanını qeyri-müəyyən gələcəkdən sıyırıb, indiki zaman qətiyyətində bəyan edir.

Azərbaycan təkcə haqq işi, dogma torpaq uğrunda savaşmır. Azərbaycan Ordusu təyinləri dəyişir, mifi dağıdır, epik siqlətli süjetyaratma ənənəsini cilalayır, hərb, qəhrəmanlıq və barış tarixinin janr və üslubi keyfiyyətlərini yeniləyir.

Xüsusi təyinatlı xalq Göylərin uca qatında “Allahın süvariləri” kimi şərəfləndirilmiş Türkün və Can Azərbaycanın qüdrətini Yeni Dünya nizamının Bayraqdarı yüksəkliyinə aparan yolları həm də həqiqətdən güc alan diplomatiya səriştəsi ilə təkcə ermənilik şərindən yox, eləcə də, erməniliyə rəvac verənlərin erməni xislətindən təmizləyir. Hələliksə, xalqı bir Bayraq altında birləşdirmiş xüsusi təyinatlı söz – “Zəngəzur Azərbaycandır!” – Azadlıq ümidlərini Böyük və Sarsılmaz Qələbə inamına səfərbər etməkdədir.

Və nəhayət, saatların “Bakı vaxtı ilə” qurulması anı gəldi: Azərbaycan qətiyyətini “Zəngəzur Azərbaycandır!” nidası ilə düşmən səngərinə cavab zərbəsi göndərir. Bu nida xalqın 101 illik səbrinin son damlasıdır!!!

Vətən, torpaq, namus, şərəf pasifizmin anlayacağı və daşıyacağı dəyər deyil! Nə milli, nə fərdi anlamda! Hansı ictimai-siyasi quruluşda yaşamağın da heç bir fərqi yoxdur.....

Yaşasın Azərbaycan xalqının müzəffər Ordusu!
Yaşasın Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev!

Aygül Bağırova
YAP fəalı
AJB üzvü
Xəbəri paylaş