Newscenter.az.30.11.2021. Dövlət başçımız bu günlərdə Rusiyanın Soçi şəhərinə səfər edərək, əvvəlcə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdü, sonra isə Rusiya lideri və məğlubiyyətə uğratdığımız ölkənin baş naziri ilə üçtərəfli görüşdə iştirak etdi. Bu görüşlərdə Prezident İlham Əliyev müdrikliyini, qətiyyətini, Azərbaycanın milli maraqlarının onun üçün əsas məsələ olduğunu dünyaya bir daha nümayiş etdirdi. Bir daha hər kəsin gözü qarşısında tarix yazdı.
Azərbaycan ona qucaq açan, onunla bərabərhüquqlu tərəfdaş kimi davranan hər bir dövlətlə ikitərəfli münasibətlərə, əməkdaşlıq əlaqələrinə daim böyük önəm verib və bu gün də əməli addımları ilə bu kursuna sadiqdir. Azərbaycan Rusiya ilə də hər zaman sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə sadiqliyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan və Rusiya liderlərinin Soçi görüşündə də vurğulandığı kimi, Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri olaraq qalır. Humanitar əlaqələr də məhz bu fonda davam edir. O cümlədən Azərbaycanda rus dilinin inkişafına, dəstəklənməsinə böyük önəm verilir. Ölkəmizdə təxminən 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər. Bu, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlığına nə dərəcədə sadiq olmasının əyani təcəssümüdür.
Görüş zamanı “...Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində, bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur”,- deyən Azərbaycan Prezidenti öz növbəsində onu da qeyd etdi ki, münasibətlərin inkişafı işində geridə qalan həftə çox əlamətdar olub. Belə ki, Rusiya Federasiyası hökuməti sədrinin müavini, o cümlədən Rusiya Elmlər Akademiyasının prezidenti ali səviyyədə qəbul edilib. Rusiyanın humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Həmçinin bu günlərdə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın iştirakı ilə böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edib.
Yəni, son bir həftə bizim qarşılıqlı fəaliyyətin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır. Təbii ki, həm Rusiya lideri ilə görüşdə, həm də üçtərəfli görüşdə başlıca məsələ Qarabağ münaqişəsinə son qoyulmasından sonrakı dövrdə, yəni, postmüharibə dövründə görülən və görüləcək işlər idi.Azərbaycan Prezidenti bir daha öz qətiyyətini göstərərək, postmüharibə dövründə də ölkəmizin milli maraqlarından bir addım da geri çəkilməyəcəyini nümayiş etdirdi.
Yəni, Ali Baş Komandanın vurğuladığı kimi, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik.Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi həm də ən həssas məsələlər barəsində Ermənistanla ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürük ki, üçtərəfli görüşün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq.
Bəli, biz bir daha seçimimizi etdik və hər kəsə açıq şəkildə göstərdik ki, söz, qərar, düzgün addım atmaq növbəsi artıq qarşı tərəfdədir. Necə seçim edəcəklərsə, o cür də qarşılığını görəcəklər.
Səbinə Qarayeva,
YAP Sabirabad rayon təşkilatının fəalı