Newscenter.az.30.11.2021. Postmüharibə dövrünü nəzərdən keçirərkən müzakirə edilən mövzular sırasında ilk yerləri Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, iki ölkə arasında sülh müqaviləsinin imzalanması dayanır.
2020-ci ilin payızında baş tutan Vətən müharibəsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcını qoydu. Vətən müharibəsi, təxminən 200 il əvvəl Gülüstan, Türkmənçay və Ədirnə müqavilələrinin imzalanmasından sonra Qafqazda bu günə qədər davam edən geosiyasi konfiqurasiyanı dağıtdı və bölgə tarixində yeni siyasi tarixin başlanğıcını qoydu.
Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında nəinki dövlətimizin, ümumilikdə regionun tarixində yeni eranın əsasını qoydu. İndi Qafqazdakı bütün proseslər məhz ölkəmizin liderliyi altında həyata keçirilir. Postmüharibə dövründə rəsmi Bakı üçün əsas hədəflər sırasında Avrasiyanın orta xətt coğrafiyası üçün mühüm əhəmiyyət kəsb edən yeni geoiqtisadi və geosiyasi layihələrin reallaşdırılmasına nail olmaqdır.
Təəssüflər olsun kı, müharibədəki acı məğlubiyyətdən sonra belə ABŞ və Fransadakı erməni diasporu, Ermənistanda bəzi Qarabağ ermənilərinin liderləri və erməni kilsəsi öz həmvətənlərinin baxış bucağını zəhərləməyə davam edir, revanş hissləri ilə gələcəyə baxmağı qarşılarına məqsəd qoyurlar. Lakin Ermənistanın müxtəlif rayon və şəhərlərində insanların revanşist müxalifətin çağırışlarını ciddiyə almaması mitinqlərin azlığında özünü göstərir. Bu gün erməni xalqı yaxşı başa düşür ki, indiyə qədər liderlərinin apardığı siyasət nəticəsində özü öz sərhədlərini, evlərini qoruya bilməyən, dövlət borcu 8 milyarda yaxınlaşan regional proseslərdən uzaq bir psevdo-dövlətə çevriliblər. Sosial-iqtisadi böhrandan çıxmağın, maddi vəziyyətin yaxşılaşdırılmasının isə bir yolu var. Azərbaycan başda olmaqla qonşulara qarşı ərazi iddialarından əl çəkmək, əsrlərdir davam edən faşist və işğalçı ideologiyanı kənara ataraq sivil cəmiyyət qurmaq.
Bölgədə yeni əməkdaşlığın qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla bir çox layihələrin reallaşması üçün isə sərhəd məsələsinə aydınlıq gətirilməsi olduqca vacibdir. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasıyası və demarkasiyası tərəflər arasında gələcək sərhədyanı ərazilərdəki münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bir neçə dəfə bəyan edib və Minsk qrupu başda olmaqla, həmsədrləri bu istiqamətdə fəallığa çağırıb. Sülh müqaviləsi münaqişə və müharibə səhifəsinin bağlanması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırması üçün əhəmiyyətlidir.
Dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir. Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçdi, tarixi səhvlərini unudaraq gələcəyə baxdı. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı, hazırda oturduğu torpaqların kimin olmasını yaddan çıxartmamalı və bir daha Azərbaycan Respublikasının torpaqlarına göz dikməməlidir. Bakı cəmi 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan Üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir.
44 günlük Vətən müharibəsinin başa çatması bu gün sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edir. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində də delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər. Azərbaycan və Ermənistan arasında sərhədlər SSRİ dövründə respublikaların sərhədlərini müəyyən edən xəritə əsasında həyata keçirilməlidir. SSR dövrünün xəritələri ilə bağlı manipulyasiya edən erməni tərəfi unutmamalıdır ki, azərbaycanlılar sovetlərin qurulmasından öncəki xəritəni də unutmayıblar.
Sülhün möhkəmləndirilməsi üçün, sülh müqaviləsinin imzalanması və sərhədlərin dəqiqləşdirilməsində müvafiq beynəlxalq təşkilatlar ciddi fəaliyyət göstərməlidir. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar, ayrı-ayrı maraqlı ölkələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına öz dəstəklərini verməlidir. Hazırda bölgənin bərpası, orada həyatın öz axarına qayıtması və ümumilikdə Ermənistanla Azərbaycan arasında, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi onların fəaliyyətinin əsas proiriteti olmalıdır.
Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib, həmin təşəbbüslərin əsası 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda əks olunub. Onların reallaşdırılması üçün texniki və maliyyə imkanlarını ayırıb.
Beləliklə, Ermənistan və regionda sülhə xələl gətirmək istəyən bəzi xarici qüvvələr yeni reallığı dərk etməli, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olmasını dərk etməlidir.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən