Newscenter.az.30.11.2021. Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir və onlara hörmət edir. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, uğur və müvəffəqiyyətləri ilə, qazandıqları nailiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını az bilir və daha çox nailiyyət əldə etməyə çalışırlar. Sadə və təvazökar adamlar hamı ilə mehriban və səmimi rəftar edir, daha çox gülərüz olurlar. Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər. Lovğalıq, özünü öymək, «mənəm-mənəm» demək və hamıya yuxarıdan aşağı baxmaq meyli insanı fəallıq və təşəbbüskarlıqdan məhrum edir, onun kollektiv qarşısında hörmətdən düşməsinə səbəb olur.
Belə adamları heç kim xoşlamır və heç kim onlarla ünsiyyətə girmək istəmir. Bu faktı mən şahidi olduğum bir hadisə ilə bir daha təsdiq edə bilərəm. Mənim xidmət etdiyim kollektivdə bir əməkdaş var idi. Əvvəllər o, çox yaxşı insan idi. Fərasəti ilə hamıdan seçilir, hamı ilə səmimi və mehriban rəftar edir, yoldaşcasına davranırdı. Bütün kollektiv ona hörmət edirdi. Sonralar o getdikcə dəyişməyə başladı. Yerli-yersiz öyünür, hər yerdə özünü çoxbilən kimi göstərməyə, başqalarından üstün olduğunu sübut etməyə çalışırdı. Artıq o, heç kimi bəyənmir, yalnız özünü sevirdi. Çox keçmədi ki, nüfuzu zəifləməyə başladı. Artıq kollektivdə heç kim ona hörmətlə yanaşmır, onu əvvəlki kimi saymırdı. Lovğalıq və xudpəsəndlik onu tamamilə korlamış və hörmətdən salmışdır.
Bəzən aramızda elə əməkdaşlar da olur ki, öz atalarının vəzifələri, obyektləri, bahalı maşınları ilə, özlərinin varlı olmaları ilə öyünürlər. Əslində belə əməkdaşlar elə də bacarıqlı və savadlı olmurlar. Belə əməkdaşı heç vaxt sadə və təvazökar adlandırmaq olmaz. Sadəlik və təvazökarlıq insanın yaraşığıdır. İnsan nə qədər sadə olsa, nə qədər təvazökar olsa, bir o qədər yüksəlir, bir o qədər hörmət sahibi olur. Atalar yaxşı deyib ki: «Ağac bar verdikcə başını aşağı dikər». Sadəlik və təvazökarlıq gözəl insani sifətlərdir və mən də bu xüsusiyyətləri özümdə tərbiyə etməyə çalışıram.
Əli İbrahimov-hüquqşünas