Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın sülhməramlılar yerləşdirildiyi ərazilər üçün “B” planı



Newscenter.az.30.11.2021. Rusiyanın bölgədəki münaqişələri və ya mübahisəli məsələləri tənzimlənməsi üçün tətbiq etdiyi metodların “şifrələri” siyasi rəhbərliklərin də, ekspert çevrələrinin də ortaq mövqeyində görünə bilər.

Təbii ki, siyasi rəhbərlik deyə bilmədiklərini media vasitəsilə tirajlayır və ekspertlər də buna uyğun olaraq siyasi gedişatları “oxuyurlar”.
Moskvadakı “soyuq başlar” SSRİ-nin süqutuna gətirən yolda gələcək üçün böyük strateji “bombalar” hazırladılar, söhbət münaqişə ocaqlarının yaradılmasından və Rusiyaya bundan təzyiq yaratmaq üçün istifadə etmək fürsətlərinin təqdim edilməsindən gedir.

Yalnız Qarabağ münaqişəsi postsovet məkanı üçün presedent oldu, münaqişənin həll edilməsi əslində qlobal lövhədə qaçılmaz zərurət halını almışdı, bu barədə bir neçə dəfə yazımız olub.

Yeni dünya nizamının formalaşması Rusiyanı da mübahisəli məsələlərə münasibətdə redaktələrə təşviq edir.

Biz bunun ştrixlərini Qarabağ müharibəsindən sonrakı periodda görürük. Nəyə vurğu edirik?

İkinci Qarabağ Müharibəsindən sonra Türkiyə regiona daxil oldu, bu, Moskva ilə Ankaranı qarşılıqlı şəkildə münasibətlərini yeni formata salmağı aktuallaşdırır.

Ancaq Rusiya üçün keçmişdən gələn “yarat və idarə et” prinsipi hələ də arxa planda deyil, amma bu metod indi fərqli şəkildə təzahür edir.
Azərbaycan ərazilərində müvəqqəti (rəsmi belə deyilir) yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bəzi narazılıq yaradan hərəkətlərində Kremlin “addım səsləri”ni eşitmək olur.

Rusiya sülhməramlılarının 10 noyabr bəyanatında təsbit edilən funksiya və mandatdan kənara çıxmalara yol verməsi zamanla Bakının da narazılığına səbəb olub, amma son rəsmi mövqelərdən aydın olur ki, etirazlar fayda verib, ona görə də, Bakının narazılığı hazırda razılıqla əvəzlənib.
Ancaq Rusiya sülhməramlılar vasitəsilə yeni özəklər yaradır, bu özəklər Kremlin “B” planıdır.

Bunun kodlarını açmağa çalışsaq, belə fikir yürütmək olar ki, Rusiyanın sülhməramlıları yerləşdirdiyi ərazilərdə həyata keçirdiyi bəzi tikinti işləri ermənilərin yox, məhz birbaşa Kremlin öz maraqlarına xidmət edir.

Rusiya bilir ki, əvvəl-axır hərbi kontingentini ərazidən çıxaracaq, ona görə də, öz izlərini kilsələrdə və ya başqa tikililərdə qoyur və gələcəkdə bu izin ardınca düşəcək.

Məqsədə gəlincə, düşünmək üçün əsaslar var ki, Rusiya “B” planı kimi bu ərazilərə gələcəkdə rus əhalinin köçürülməsini və ya rus iş adamlarının gəlişini təmin etmək istəyir.

Çünki Rusiya bu ərazilərdən əlini tam çəkəsi deyil, bu, real görünmür, ona görə də rıçaqları başqa formada saxlamaq niyyətlərini kilsə tikintisi ilə dilə gətirir.

Digər tərəfdən, Kəlbəcərdəki Zod qızıl yatağının istismarı ilə bağlı hələ də qeyri-müəyyən təsəvvürlər mövcuddur, Rusiya isə iqtisadi maraqlarını burada da müəyyənləşdirmək yolunda baş sındırır.

Niyə? Rusiyanın sanksiyalara qarşı immunitetlərindən biri də qızıl ehtiyatlarıdır, Moskva qızıla alternativ valyuta kimi böyük dəyər verir.
İndi sual olunur: İqtisadi tablosunda qızılın ağırlıq təşkil etdiyi Rusiya Zod qızıl yatağından əlini üzə bilərmi? Real görünmür, ən azından indiki şərtlər altında.

Fikirlərimizdən gələ biləcəyimiz nəticə budur ki. Rusiya sülhməramlıları ərazilərdən çıxsa belə, Moskva başqa “ordu” ilə maraqlarını təmin edəcək.
Rusiya bu planlarla maraqlarının gələcək qorunması üçün “qızıl orta” yaradır...

Aqşin Kərimov-siyasi ekspert
Xəbəri paylaş