Newscenter.az.30.11.2021. “İqtisadi Əməkdaşlıq Təşkilatı konstruktiv əməkdaşlıq platformasıdır. Cənubi Qafqaz regionunun ən güclü ölkəsi kimi Azərbaycan da İƏT-in fəal üzvüdür. Azərbaycan beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Bu baxımdan, Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətləri də dostluq və qarşılıqlı hörmətə əsaslanır”.
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan kimi ölkələrin daxil olduğu İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır:
“Azərbaycan 2006-cı və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi edib və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb. Qəbul edilmiş qərarlar, atılmış addımlara əsasən əminliklə demək olar ki, Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilib. Təsadüfi deyil ki, Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımi dəstək göstəriləcək. Bundan əlavə, Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir. Elə noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş”in imzalanması haqqında danışılan əməkdaşlığın bariz nümunəsidir. Azərbaycanın Türkmənistan qazını İran üzərindən almasını təmin edəcək saziş üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmin yaradır, iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəm daşıyır”.
“44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərdən sonra yaranmış yeni reallığa əsasən Azərbaycanın formalaşdırdığı əməkdaşlıq platforması İƏT ölkələri üçün də faydalı olacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Zəngəzur dəhlizi İƏT üzvlərinin əməkdaşlıq və ticarət əlaqələrinin inkişafına əlavə impulslar verəcək. Yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək ki, İƏT-ə üzv ölkələr də bu dəhlizdən istifadə edəcəklər.
Ruhiyyə