Newscenter.az.1.12.2021. Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Üzvlərinin aylıq Naharı təşkil edilmişdi.
Newscenter.az xəbər verir ki, bu ayın qonaq spikeri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev oldu.
Tədbiri giriş sözü ilə açan AmCham Azərbaycan-ın icraçı direktoru xanım Gülnarə Aslanbəyli Nahar iştirakçılarını salamladı. Azərbaycanda xarici və yerli biznesin maraqlarının dəstəklənməsi və təşviqi istiqamətində AmCham Azərbaycanın davamlı fəaliyyətini, və bu istiqamətdə dövlət qurumları ilə qurulmuş səmərəli dialoqun və uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Həmçinin Gülnara Aslanbəyli Palataya qoşulmuş 12 yeni üzv şirkətlərini salamladı. Palatanın yeni üzvləri öz şirkətlərinin fəaliyyət istiqamətləri haqqında geniş təqdimatlarla çıxış etdilər.
Sonra xanım Aslanbəyli nazir cənab Muxtar Babayevi təqdim edərək səhnəyə dəvət etdi.
Nazir AmCham-ın bütün üzvlərini və qonaqlarını salamlayaraq, onlara öz təşəkkürünü bildirdi. Cənab Muxtar Babayev “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ İqtisadi Zonalarında ətraf mühitin vəziyyəti və reabilitasiya planları” mövzusunda geniş təqdimatla çıxış etdi. Cənab Babayev təqdimatında işğal nəticəsində regionun təbiətinə, biomüxtəlifliyinə, və bütövlükdə ekosisteminə dəymiş ciddi ekoloji ziyanı, bu bölgənin ətraf mühitin deqradasiyası, ekoloji tarazlığın pozulması və təbii sərvətlərin amansız istismarı və daşınması kimi nəticələnmiş hallarla iştirakçılarla bölüşdü. Daha sonra nazir işğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər “xalis sıfır emissiya” zonasının elan edilməsi, “yaşıl enerji zonası”nın yaradılması, bərpa olunan (su, külək, günəş, termal) enerji mənbələrindən istifadə, “Ağıllı şəhər” / “Ağıllı kənd” konsepsiyasının yaradılması, “yaşıl kənd təsərrüfatı” konsepsiyasının tətbiqi, transsərhəd su ehtiyatlarının davamlı idarə olunması, meşə massivlərinin və yaşıllıqların artırılması kimi bərpa və reabilitasiya layihələri və planları haqqında ətraflı məlumat verdi.
Bundan başqa, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ İqtisadi Zonalarının reabilitasiya planları çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında Anlaşma Memorandumun imzalandığı da vurğulanıb. Memorandum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə ekosistemlərin və infrastrukturun, o cümlədən hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, ətraf mühitin monitorinqi məntəqələrinin yaradılması, yeni yaşıllıqların salınması, meşəbərpa tədbirlərin aparılması, su ehtiyatlarından səmərəli istifadə üçün su mənbələrinin qiymətləndirilməsi və s. kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sonda cənab Muxtar Babayev iştirakçıların bütün sual və şərhlərini cavablandırdı.
Naharın sonunda AmCham Azərbaycanın İcraçı Direktoru xanım Gülnarə Aslanbəyli cənab nazirə və tədbirdə iştirak edən bütün iştirakçılara öz təşəkkürünü bildirdi.
AmCham Azərbaycan Üzvlərinin nahar yeməyi hər ay Palata tərəfindən təşkil olunur və yüksək səviyyəli dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri və AmCham üzv şirkətlərinin iştirakını özündə əks etdirir.
Sevinc