Newscenter.az.1.12.2021. Dekabrın 1-də Şəmkir rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda seminar keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və din xadimləri, dini icma sədrləri iştirak ediblər.
Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan seminarı giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mövzunun aktuallığından danışaraq bu sahədə həyata keçirilən layihələrin zəruriliyini vurğulayıb.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov isə çıxışında ölkəmizdə dini sahəyə göstərilən diqqət və qayğıya, eyni zamanda dinin siyasiləşdirilməsinin törətdiyi fəsadlar barədə məqamlara toxunub. Bildirib ki, bütün dinlərdə saflıq və təmizlik, sülh, əmin-amanlıq və həmrəyliyə çağırışlar var. Günümüzdə dünyada dinin ictimai münasibətlərə təsiri baxımından bəzi hallarda yad dini ideologiyaların təbliği cəhdlərini müşahidə edirik.
Dinin siyasiləşdirilməsi məsələsi ideoloji sahə üçün ən prioritet problemlərdən biridir. Dini radikalizm və ekstremizmin əsas metodlarından biri dinin siyasiləşdirilməsi, yaxud siyasi proseslərdə dindən bir alət kimi istifadə edilməsidir. Mənəvi duyğuların istismar vasitəsinə çevrilməsinin yolverilməz hal olduğunu qeyd edən S.Heydərov bildirib ki, siyasətin özünəməxsus prinsipləri olduğu kimi, dinin də ali dəyərləri mövcuddur. Bu iki anlayışı bir-biri ilə əlaqələndirmək dini-mənəvi dəyərlərin istismarı ilə nəticələnir. Dindən sui-istifadə etməklə siyasi maraqları təmin etməyin ürəkağrıdıcı nəticəsi Yaxın Şərqin timsalında hər kəs üçün ibrət olmalıdır. Azərbaycan xalqının tarixən dinə mənəvi prizmadan yanaşaraq, onun siyasiləşməsinin tərəfdarı olmadığını diqqətə çatdıran sədr müavini əlavə edib ki, ölkəmizdə insanların dini etiqadına ehtiram hazırda yüksək səviyyədədir. Vətəndaşlarımız vicdan azadlığı prinsiplərinə söykənərək qarşılıqlı hörmət əsasında yaşayırlar. Onun sözlərinə görə, Azərbaycan üçün dinin siyasiləşdirilməsi təhlükəsi o qədər də aktual olmasa da ölkəmizin müstəqil siyasətinə təsir etmək istəyən, onun uğurlarını həzm etməyən kənar dairələr məhz bu vasitədən istifadə etməyə çalışırlar. Dövlətimiz əlindən gələni edir ki, vətəndaşlarımızın iqtisadi-sosial vəziyyəti yaxşılaşsın, bütün azadlıqlar, o cümlədən dini etiqad azadlığı təmin edilsin. Bir vətəndaş olaraq biz də ölkə rəhbərliyinə əməli fəaliyyətimizlə kömək etməli, xüsusilə dini-ideoloji təhlükəsizliyin təminatında yaxından iştirak etməliyik.
Müzakirələrlə davam edən seminarın sonunda tədbir iştirakçıları DQİDK-nın sifarişi əsasında ərsəyə gələn “Dəmir Yumruq” sənədli filmini izləyiblər.
Mehman