Newscenter.az.1.12.2021. Qırğızıstanla Tacikistan arasında sərhədin mübahisəli hissəsində atışma qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın "AKIpress" xəbər agentliyi ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Mühafizə Xidmətinin mətbuat şöbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Qırğızıstanın Batken vilayətinin Daxma ərazisində şərti sərhəd xəttinin yaxınlığında naməlum şəxslər 7 nəfəri atəşə tutublar.
Hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün Qırğızıstan və Tacikistan sərhəd zastavalarının rəhbərləri dərhal hadisə yerinə gəliblər, onlar atışmada iştirak edən şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar. Hadisə ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları məlumatlandırılıb.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra onlarla mübahisəli hissələr qalıb. Bu səbəbdən iki respublikanın sakinləri ilə hərbçilər arasında vaxtaşırı silahlı münaqişələr baş verir.
Qırğızıstan və Tacikistan hərbçiləri arasında silahlı toqquşmaya çevrilən sonuncu ciddi münaqişə aprelin sonu - mayın əvvəlində baş verib.
İki dövlətin hökumət komissiyaları sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqları davam etdirir.