Newscenter.az.1.12.2021. Çox fikirləşdim ki, indi yazım, yoxsa sonra. Düşündüm ki, vəzifəmiz yalnız şəhid olanlara allahdan rəhmət diləmək deyil, həm də növbəti qurbanların qarşısını almaq üçün çalışmaqdır. Öncə bütün şəhidlərimizə, o sıradan da dünən vertolyot qəzasında dünyasını dəyişən şəhidlərimizə rəhmət diləyirəm. Onların əkrəsiyyəti müharibədən sağ çıxsalar da, dinc dövrdə həyatlarını itirdilər. Dünən yazmışdım, bu gün də təkrar edirəm. Hər bir dövlətin dəyəri onun peşəkar ixtisaslı kadrları ilə ölçülür. Dünən itirdiyimiz peşəkar hərbiçilərin yeri hələ uzun müddət boş qalacaq.
İndi gəlirəm baş verən faciəyə, mən də şübhə etmirəm ki, orda kənar müdaxilə olmayıb, odur ki, vertolyotu rusların vurması və digər belə iddiaları istisna edirəm. Bəs, onda nə baş verib? Bu sualı konkret cavablandırmaq iddiasından da uzağam. Amma müşahidələrim onu göstərdi ki, sərhəd qoşunları fövqəlada vəziyyətə hazır deyil, komandan Elçin Quliyevin açıqlamaları və keçirdiyi brinfiqdə dediyi ziddiyyətli fikirlər buna sübutdir, gah deyir ki, vertolyot yeni təmirdən çıxmışdı, gah da deyir ki, təzə idi. Bildiyim və narahatlıqa səbəb olan odur ki, Azərbaycanda kadrlar yerində deyildir, dövlət sərhəd sistemdə satınalmalarda şəffaflıq və hesabatlılıq yoxdur, hətta belə tələblər olsa da ona əməl edilmir, varsa buyursunlar açıqlasınlar ki, vertolyotları hardan və neçəyə alırlar.
Heç şübhəsiz ki, şəffaflıq və hesabatlıq olmayan şəraitdə korrupsiya üçün əlverişli mühit yaranır. Vertolyotların alınması, təmiri xərcləri şişirdilir, onlar vaxtlı-vaxtında texniki baxışdan keçirilmir, təmir edilmir, bu məqsədlə ayrılan vəsaitlər təyinatından kənarlaşdırılır. Bu da onu deməyə əsas verir ki, harda korrupsiya varsa orda belə hadisələrdən heç vaxt sığortalana bilməyəcəyik. Deməli korrupsiya, məniməsmə, yeyinti, pis idarəçilik davam edəcəksə Qaraheybətdəki faciə də ilk və sonuncu olmayacaq.
Qubad İbadoğlu-Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri