Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Payızlıq əkinlərin vaxtında bəyan edilməsi niyə vacibdir?



Newscenter.az.6.12.2021. Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin bəyan edilməsi prosesini sürətləndirmək məqsədilə bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. Noyabrın son ongünlüyündən başlayaraq 20-dən artıq rayonda maarifləndirmə işləri aparılıb. Məlumatlandırma işləri əsasən taxılçılıq rayonlarında aparılır. Nazirliyin nümayəndə heyəti növbəti məlumatlandırma sessiyasını Füzuli və Beyləqan rayonlarında keçiriblər.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, payızlıq əkinlər Füzuli və Beyləqan rayonlarının ümumi əkin dövriyyəsində böyük paya sahibdir. 2020/2021 payızlıq əkinlər dövründə bu rayonlarda ümumilikdə 50 min hektara yaxın sahədə arpa və buğda əkilib. Bu əkinlərə görə Füzuli və Beyləqan rayonu üzrə 11000 nəfərdən çox fermer əkin subsidiyası alıb. Hazırda hər iki rayonda səpin prosesi yekunlaşmaq üzrədir, səpinin optimal müddətdə başa çatacağı gözlənilir. Səpini başa çatdırmış fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkinlərin bəyanını davam etdirirlər.

Bildirilib ki, fermerlər öz əkinlərini bəyan etmək və subsidiya üçün müraciəti formalaşdırmaq üçün ildə bir dəfə EKTİS-də şəxsi kabinetlərini aktivləşdirməlidir. Şəxsi kabineti aktivləşdirməklə fermerlər aqrar fəaliyyətlərini davam etdirdiklərini təsdiqləmiş olurlar. Şəxsi kabinet aktivləşdirildikdən sonra torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlər və əkin məlumatları EKTİS-ə daxil edilməlidir. Sənədlərin uyğunluğu və məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra təsdiqlənir və fermerin subsidiya almaq üçün elektron müraciəti formalaşır. Bəyan prosesi dekabrın 30-da başa çatacaq, yanvar ayında monitorinqlərin keçirilməsi, fevral-mart aylarında isə subsidiyaların ödənişi nəzərdə tutulur. Fermerlər öz əkinlərini son müddət tarixini gözləmədən bəyan etməklə ilin əvvəlində subsidiya almaq imkanı qazanırlar.

Görüşlərdə 5 hektardan yuxarı əkin sahələrindən aqrokimyəvi analizin verilməsi, 10 hektardan yuxarı sahələrin sığorta olunması və digər yenilikıər barədə məlumat verilib. Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə taxıl əkininə görə vahid əkin əmsalı (1,05) müəyyən olunub, fermerlər həm arpa, həm buğda əkininə görə hər hektara 210 manat subsidiya alacaqlar. Müzakirələr zamanı iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Qeyd edək ki, bəyan prosesinin sürətləndirilməsi məqsədilə Füzuli rayonunda fermerlərə səyyar aqrar xidmət göstərilir. Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmətə başlayıb. Mikroavtobuslar müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, bəyan proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmət Aqrar Xidmətlər Agentliyinin təlim keçmiş əməkdaşları tərəfindən həyata keçirilir. Ümumilikdə 6 səyyar qrup rayonun inzibati mərkəzdən uzaq müxtəlif kəndlərində fermerlərə torpaq sənədlərini və əkin məlumatlarını EKTİS-də bəyan etməyə köməklik göstərirlər.

Səyyar xidmətlərin göstərilməsi qrafiki rayonların tələbatına görə müəyyən olunur. Bundan əvvəl analoji səyyar aqrar xidmətlər Şəki, Sabirabad və İmişli rayonlarında təşkil olunub. Bu rayonlarda səyyar xidmətlər zamanı 8 mindən artıq fermerə öz əkinlərini EKTİS-də bəyan etməyə texniki köməklik göstərilib. Payızlıq əkinlərin bəyan prosesinin sürətləndirilməsi məqsədilə növbəti səyyar xidmətlər Tovuz və Goranboy rayonlarında təşkil olunacaq.

Sevinc
Xəbəri paylaş