Newscenter.az.7.12.2021. Dekabrın 7-də Azərbaycan Turizm Bürosuna Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkədə peşəkar bələdçilərə ehtiyac olduğunu bildirərək Azərbaycanda ilk dəfə olaraq turizm bələdçilərinin milli sertifikatlaşdırılması prosesinə start verildiyini qeyd edib.
Fuad Nağıyev Agentliyin dəstəyi ilə indiyədək bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif dilli bələdçilərin hazırlanması üçün təlimlərin keçirildiyini vurğulayıb.
O qeyd edib ki, respublika üzrə təlim və sertifikasiya prosesi beynəlxalq standartlar əsasında, milli akkreditasiya sisteminə uyğun formada təşkil olunacaq.
Agentlik sədri yeni "Turizm haqqında" qanun layihəsində turizm bələdçilərinin sertifikatlaşdırılmasının hüquqi mexanizmlərinin öz əksini tapdığını və yeni qanuna əsasən yaradılacaq Turizm Reyestrində bələdçilərin də reyestrinin aparılacağını qeyd edib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid prosesin ATB tərəfindən yeni yaradılmış TBSO vasitəsilə təşkil olunacağını diqqətə çatdırıb.
Florian Zenqstşmid dünya standartları əsasında, nəzəri və praktiki biliklərlə hazırlanmış turizm bələdçilərinin Azərbaycanın təbliğatı istiqamətində faydalı olacağını qeyd edib.
Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini - baş direktor v.m.i.e Emin Zeynalov öz növbəsində Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.
Tədbir çərçivəsində təşkil olunan mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, bundan əvvəl 2019-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Azərbaycan Turizm Bürosuna hotellərə ulduz verilməsi görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı təqdim olunmuşdu.
Sevinc