Newscenter.az.7.12.2021. Dövlət Sərhəd Xidmətinin (DSX) “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərə yol verən hərbi qullquçusu, mayor Rövşən Cahangirova məzəmmət elan edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, DSX rəhbərliyi nəzakətsiz davranışına görə R.Cahangirova məzəmmət elan edib.
Xatırladaq ki, DSX-nin mayoru R.Cahangirov xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı şəhid olan sərhədçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkətlər edib. O, jurnalistlərə qarşı kobudluq edib, onları əli ilə itələyib, media nümayəndələrinin çəkiliş aparmasına imkan verməyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən, hərbi intizamı və ictimai asayişi pozan zabitlər ictimai qaydada məzəmmət edilirlər. Məzəmmət töhmətdən əvvəl tətbiq edilən cəza növüdür.