Newscenter.az.7.12.2021. Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik avtomobil yolunun yenidən qurulması yekunlaşıb.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, icra olunan iri miqyaslı yol infrastrukturu layihəsi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər bölgədə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olub.
Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir.
Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb.
Yol boyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Bundan başqa “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri aparılıb. Bunun üçün əsasın alt və üst layı müvafiq olaraq qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilib. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton qarışığı döşənib.
Avtomobil yolunun Təngəaltı kəndi ərazisində, sıldırım qayalıqlar arasından keçən hissəsinin genişləndirilməsi işləri aparılıb. Yolun genişləndirilməsi işləri Quba-Qonaqkənd yolunun 29-30-cu kilometrlik hissəsini əhatə edib. Çayda bənd vurulması və qayaların çapılması hesabına yolun hərəkət hissəsinin 4 metrdən 10 metrə kimi genişləndirilib.
Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, həmçinin yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində müvafiq olaraq 126 və 80 metr uzunluğa malik yeni körpülər inşa edilib. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib.
Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradır, rayonun turizm imkanlarını genişləndirir.
Sevinc