Newscenter.az.8.12.2021. Bu il sentyabr ayının 15-dən 30-dək qəbul edilmiş ərizələrə əsasən, Bakı metropolitenində hərəkət qatarlarının maşinisti peşəsi üzrə seçim turları başa çatıb.
Newscenter.az xəbər verir ki, müsabiqədə ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı 24-30 yaş arasında olan kişi və qadınlar iştirak edib. Kişi namizədlərin yararlılıq kateqoriyası üçün həqiqi hərbi xidmət keçməsi də əsas tələblərdən biri olub.
Elan nəticəsində 300-dən artıq gəncin müraciətindən əsas tələblərə 98 namizəd uyğun gəlib.
İmtahanlara dəvət olunanlardan yalnız 54 nəfər müsabiqəyə qatılıb. Birinci mərhələdə iddiaçılar məntiq və metropolitenlə bağlı ibtidai biliklər üzrə testlə yoxlanılıblar. Onlardan yalnız 18 nəfəri müsahibə və psixoloji sınaq mərhələsinə vəsiqə qazanaraq, kadr komissiyasına dəvət olunub. Bu mərhələdə bir nəfər iştirak etməyib.
17 nəfərdən 11-i müsahibəni uğurla başa vurub. Psixoloji testdən isə 11 nəfərdən 10-u keçib. Bundan savayı, mərhələni keçə bilməyən iddiaçılardan biri metropolitenin başqa bir sahəsi üzrə müvafiq biliklərə malik olsa da, iş təklifini qəbul etməyib.
Yekun olaraq tibbi müayinədən keçən 9 nəfər maşinist peşəsi üzrə təlimlərə cəlb olunub. Onlardan biri qadındır.
Qeyd edilməlidir ki, Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydaları 2018-ci ildən tətbiq edilir. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dən metropolitendə işə qəbul olunublar.
Sevinc