Newscenter.az.9.12.2021. Payızlıq əkinlərə görə subsidiya almaq üstəyən fermerlərin öz torpaq və əkin məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməsi prosesi davam edir. Bəyan prosesinin sürətləndiriməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə məlumatlandırma sessiyaları keçirilir, səyyar xidmətlər təşkil olunur, fermerlər arasında maarifləndirmə işləri aparılır.
Newscenter.az xəbər verir ki, indiyədək nazirlik tərəfindən 30-dan artıq rayonda məlumatlandırma sessiyaları keçirilib. Növbəti sessiya Şəmkir, Samux və Göygöl rayonlarında baş tutub. Tədbirlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev bildirib ki, ötən dövr ərzində aqrar sahəyə subsidiyaların verilməsində çoxsaylı dəyişikliklər tətbiq olunub. Bu dəyişikliklər ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə, məhsuldarlığın artmasına, fermerlərin rifah halının yaxılaşdırılmasına yönəlib. Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsi bu sahədə şəffaflığı tam təmin edir, aqrar fəaliyyətə dair məlumatlar bazasının formalaşmasına köməklik göstərir.
Görüşlər zamanı bildirilib ki, fermerlər payızlıq əkinləri bəyan edərkən bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabinetin aktivləşdirilməsinə, əkilən və ya yerdə mövcud bitkinin doğru seçilməsinə, bəyan hektarının konturlarının doğru qeyd olunmasına, əkin yerinin elektron xəritədə düzgün qeyd edilməsinə və əkini yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməsinə diqqət etməlidir.
Qeyd olunub ki, vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yalnış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra (monitorinqə düşməzsə) yalnış bəyan müəyyən edilərsə İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıya şamil edilib. Yenilik ölkənin ərzaq təhükəsizliyinin təmin edilməsi, təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır.
Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığortada da nəzərdə tutulub. Aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir. Fermerlərə dekabrın 30-dək əkin sahələrini güzəştli şərtlərlə sığortalamaq tövsiyə olunub.
Görüşlərdə iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Bölgələrdə məlumatlandırma sessiyaları davam edir. Növbəti sessiya Neftçala və Salyan rayonlarında keçiriləcək.
Sevinc