Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib



Newscenter.az.9.12.2021. Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib. Toplantıda Azərbaycanın 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər iştirak ediblər.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlər barədə məlumatlandırıb. Fermerlərə dövlət başçısının 7 oktyabr tarixində imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı barədə geniş məlumat verilib. Bildirilib ki, bu Fərman aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədilə imzalanıb. Fermerlərə dövlətin yaratdığı imkanlardan yararlanmaq, öz torpaq sənədlərini qaydaya salmaq, sahib olduqları torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək tövsiyə olunub. Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəyi vurğulanıb. Fermerlər bu çıxarışları əldə etmək üçün müvafiq dövlət qurumuna vaxtında müraciət etməlidir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, fermerlər 30 dekabr tarixinə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərini bəyan etməlidir. Hazırda Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin bəyanı prosesini sürətləndirmək məqsədilə bölgələrdə məlumatlandırma sessiyalarını davam etdirir. Görüşlər zamanı EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər barədə iştirakçılara geniş məlumat verilir.

Toplantıda cari il ərzində aqrar sektorda baş verən yeniliklərə toxunulub. Bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn ildən pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bundan başqa, qarşıdakı mövsümdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığortada da nəzərdə tutulub. Belə ki, aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Tədbirdə çıxış edən fermerlər pambıq, tütün və şəkər çuğunduru bitkiləri üçün subsidiyaların məhsula görə hesablanmasının bu sahəyə marağı daha da artıracağını vurğulayıblar. Toplantıda mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların, o cümlədən güzəştli kreditlərin verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Fermerlər Şurası üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Sevinc
Xəbəri paylaş