Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qələbənin rəmzi Zəfər paradı



Newscenter.az.9.12.2021. Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsidir. Burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır. Bu Zəfər Paradı Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi paraddan sonra Post-Sovet məkanında keçirilən ilk qələbə paradıdır. Bu paradın özünəməxsus özəlliyi, digər paradlardan fərqi vardır.

Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət, gözlənilən gün - o böyük gün gəldi. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər qatılaraq nümayişi olundu. Qələbə paradı Azərbaycanın gücünü bir daha dünyaya göstərdi. Qələbə paradının keçiriləcəyini biləndə həmin günə gəlib çatana qədər keçdiyimiz yol barədə düşünürük. 44 günlük müharibədə əldə olunan möhtəşəm qələbə və Zəfər paradı uzun illər ərzində görülmüş işlərin, keçilən yolun nəticəsidir. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Yaşadığımız günlər Azərbaycan tarixinin ən zəfərli, şanlı, şöhrətli günləridir. Biz xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq bizə nəsib olub.Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Ordusunun arxasındadır. Bu birlik Vətən müharibəsində qalib gəldiyi, Qarabağı qaytardığı kimi, Qarabağa həyat və inkişaf gətirəcək.

Yaşasın Azərbaycan Prezidenti!
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Azərbaycan Əsgəri!

Ağayeva Məleykə,
YAP Sabirabad rayon təşkilatının sədri səlahiyytlərini icra edən
Xəbəri paylaş