Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə “Turizm haqqında” yeni qanun layihəsi müzakirə olunub



Newscenter.az.10.12.2021. Dekabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclası keçirilib.

Newscenter.az xəbər verir ki. iclası açan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan “Turizm haqqında” və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri olmaqla iki məsələ çıxarılıb.

Komitə sədri turizmlə bağlı qanunun 1999-cu ildə qəbulundan keçən dövr ərzində turizm sahəsindəki inkişafın, dəyişikliklərin və yeni çağırışların mövcud qanunvericiliyin təkmilləşdirilməsi zərurətini doğurduğunu vurğulayıb. Bu kontekstdə komitələrin birgə iclasına çıxarılan “Turizm haqqında” yeni qanun layihəsi də müasir dövrün çağırışlarına uyğun Azərbaycanın turizm əlaqələrinin genişləndirilməsi, qeyri-neft sektorunun 4 əsas istiqamətindən biri olaraq turizm sənayesinin inkişafının təmin edilməsi, bu sahədə yaranan yeni münasibətlərin daha təkmil hüquqi bazada tənzimlənməsi məqsədilə hazırlanıb. Turizmin spesifik xüsusiyyətlərini qeyd edən Musa Quliyev sahə ilə bağlı statistik göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Turizm haqqında” qanun layihəsinin məqsəd və vəzifələri, ümumi konsepsiyası haqqında danışıb. Adil Vəliyev vurğulayıb ki, sənəd bütövlükdə, turizm sənayesi subyektləri üzərində ağır öhdəliklər yaratmadan turizm bazarının tənzimlənməsinə, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və turist məmnunluğunun təmin edilməsinə istiqamətlənib. 5 fəsil, 22 maddədən ibarət layihədə əsas anlayışların mənaları verilib, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapıb, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə, vəzifələrinə aydınlıq gətirilib.

Şöbə müdiri bildirib ki, layihədə dövlətin üzərinə turizm sahəsində əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, turizm sənayesi subyektlərinin və turistlərin hüquqlarını, qanuni maraqlarını qorumaq kimi bir sıra öhdəliklər qoyulub. Layihədə turizmin xidmət keyfiyyətinin yüksəldilməsi, turizm iştirakçıları, onların etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, təhlükəsizliyi, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilib, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə də məlumat verən Adil Vəliyev bildirib ki, “Turizm haqqında” qanunun qəbulu ilə əlaqədar məcəlləyə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı sanksiya və cərimələr əlavə olunub.

İclasda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizmin inkişafına Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində əldə olunan uğurları qeyd edərək post pandemiya dövründə turizmin əvvəlki inkişaf tempinə tezliklə geri qayıdacağına və davamlı inkişaf mərhələsinə qədəm qoyacağına inamını bildirib. Müzakirə olunan yeni qanun layihəsinin əsas məqsədinin bütövlükdə ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaq olduğunu qeyd edib. Fuad Nağıyev qanun layihəsində bir çox məqamların turizm sənayesinin fəaliyyətini stimullaşdırmaq və asanlaşdırmaq məqsədli olduğunu vurğulayıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili turizmin dünya iqtisadiyyatında və Azərbaycan iqtisadiyyatında tutduğu rolundan, onun məşğulluğun təmin olunmasında, qeyri-neft sektorunun inkişafındakı potensialından danışıb, işğaldan azad edilmiş ərazilərin turizm perspektivlərindən bəhs edib.

İclasda komitə sədrlərinin müavinləri Məlahət İbrahimqızı və Əli Məsimli, deputatlar Vahid Əhmədov, Soltan Məmmədov, Mahir Abbaszadə, Rauf Əliyev, İqbal Məmmədov, Məzahir Əfəndiyev, Sevinc Hüseynova, Arzu Nağıyev, Məşhur Məmmədov, Rüfət Quliyev, Əziz Ələkbərov, həmçinin QHT rəhbərləri çıxış ediblər.

Çıxışlarda Azərbaycanda turizmin keçdiyi yol və uğurlar qeyd olunub, turizm sahəsinin komponentləri qarşılıqlı əlaqədə işləyən bir iqtisadi istiqamət kimi dəyərləndirilib. Çıxışçılar qanun layihəsinin hazırlanmasında istinad edilən beynəlxalq təcrübə, işğaldan azad edilmiş ərazilərin turizm potensialı ilə bağlı məqamlarla maraqlanıblar, ümumilikdə turizmin inkişafı ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və agentliyin Aparat rəhbəri Kənan Qasımov qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıblar.

İclasın yekununda deputatlar “Turizm haqqında” qanun layihəsini və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Komitələrin birgə iclasında deputatlar Aqil Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, Ağalar Vəliyev, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Arzu
Xəbəri paylaş