Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda Dirçəliş və Böyük Qayıdış haqqında gənc jurnalistlərə mühazirə oxunub



Newscenter.az.10.12.2021. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində bir qrup gənc jurnalist qarşısında Qarabağda dirçəliş prosesinə həsr olunmuş mühazirə ilə çıxış edib. Newscenter.az xəbər verir ki, universitetlə Media İnkişafı Agentliyinin birgə layihəsi olan İxtisasartırma Proqramları çərçivəsində təşkil olunmuş nəzəri və praktiki biliklər seminarının iştirakçıları agentliyin “MEDİA Könüllüləri” proqramının fəalları arasından seçilib.

F.Hüseynov dinləyicilərə ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi köklərinin səbəbləri, bu kateqoriyadan olan şəxslərlə iş sahəsində ölkə başçısının rəhbərliyi ilə dövlət siyasəti,bu kateqoriyadan olan şəxslərlə Dövlət Komitəsinin fəaliyyəti, həmçinin torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar Böyük Qayıdışın başlanmasına hazırlıq işləri barədə ətraflı məlumat verib.

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, ölkəmizin iqtisadi inkişafının bu kateqoriyadan olan insanların yaşayış səviyyəsinə müsbət təsir göstərdiyi, indiyədək 320 mindən çox məcburi köçkünə müvəqqəti məskunlaşma üçün yeni müasir mənzil və ya fərdi ev verildiyi, onlara dövlət büdcəsindən vahid aylıq müavinət ödənildiyi bildirilib. Həmçinin qeyd olunub ki, ödənişli əsaslarla ali məktəbə daxil olan məcburi köçkün statuslu gənclərin təhsil haqqı dövlət vəsaiti hesabına ödənilir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərə xüsusi qayğı göstərdiyi, onlarla tez-tez görüşdüyü, problemlərini şəxsən dinlədiyi və həll etdiyi diqqətə çatdırılıb.

Seminarda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyəti, həmçinin işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, məcburi köçkünlərin ata-baba yurduna qayıdışının təşkili istiqamətində dövlətimizin başçısının tapşırıqlarının icrası barədə də əhatəli məlumat verib. Yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafının Böyük Qayıdışla bilavasitə əlaqəli olduğunu bildirən F.Hüseynov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu məsələnin öz əksini tapdığını qeyd edib.

Tələbə-jurnalistlərin nəzəri və praktik biliklərinin artırılması məqsədilə təşkil edilən seminar iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Sevinc
Xəbəri paylaş