Newscenter.az.11.12.2021. Ötən il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Dövlət başçısı İlham Əliyev Zəfər paradındakı nitqində bildirmişdir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
Onu da xüsusi qeyd etmək lazımdır ki, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamız işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev nitqində bildirmişdir ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Dövlət başçısı bu əminliyi də ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Məhz dövətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində həmin gün gəldi. Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış Zəfər Günümüz, həmçinin bu qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Zəfər paradı Azərbaycan-Türkiyə birliyinin bir daha təqdimatı oldu. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı, dövlət başçısı İlham Əliyevi bir an da olsa belə tək qoymayan, ilk gündən dünyaya «Azərbaycan tək deyil» mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da Azərbaycan Prezidentinin yanında oldu və çıxışında bu birliyin sarsılmazlığını nümayiş etdirən mesajlarını səsləndirdi. Bu baxımdan iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi qəbul olundu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü idi.
Həsənov Ağadadaş,
YAP Sabirabad rayon təşkilatının aparat rəhbəri