Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq



Newscenter.az.11.12.2021. "Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir", demişdi Ulu Öndərimiz.

Hər bir kəlamında bir müdriklik, bir həqiqət olan Ulu Öndərin vaxtilə söyləmiş olduğu bu fikrin gerçəkləşməsini biz, Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində gördük. Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri min illər keçsə belə yaddan çıxmayacaq, nəsillərdən-nəsillərə ötürüləcək Heydər Əliyev ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq. Azərbaycanlı olaraq hər birimiz xalq-ordu birliyinin, milli həmrəyliyin, vətənə sevginin, vətənsevərliyin bir parçası olduq Vətən müharibəsində...

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması, Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərin bariz nümunəsidir.

Atdığı hər bir addımını xalqın mənafeyi ilə uzlaşdıran, ən qısa zaman kəsiyində ölkədaxili siyasi və iqtisadi problemlərin tam həllinə nail olan Heydər Əliyevin hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə bu gün də xidmət edir.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq etmiş Ulu Öndər, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməyib.

Dərin zəka, ağıl və düşüncə, möhkəm iradə, sarsılmaz yaddaş, soyuq və dözümlü münasibət, dəmir məntiq kimi fenomenal xüsusiyyətlərə malik olan Heydər Əliyev, dünyanın diqqət mərkəzində olan siyasi xadimlər arasında xüsusi yerə və nüfuza sahib olub. Dünya siyasi tribunasından diqtə etdiyi qətiyyətli çıxışları, keçirdiyi görüşlər nəticəsində hegemon dünya dövlətləri ilə Azərbaycan arasındakı əlaqələrin və dövlətlərarası qarşılıqlı münasibətlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu gün, o Böyük Siyasətçinin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti nəticəsində Azərbaycan bu gün bölgədə və dünyada söz və nüfuz sahibinə çevrilib, bütün dünyada torpaqlarını işğaldan azad edən qalib ölkə kimi tanınıb.

Dekabrın 12-də Ümummilli Liderimizin anım günüdür. Bütün dünya azərbaycanlılarının milli iftixarı, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirəm.

Sonsuz hörmət və ehtiramla,

Jalə Əhmədova

Milli Məclisin deputatı
Xəbəri paylaş