Newscenter.az.11.12.2021. Hər kəsin taleyi özü üçün bir tarixdir. Tarix elə talelərdən ibarətdir. Bu mənada biz tarixdən danışanda məhz elə talelərdən danışmış oluruq. Ancaq o talelərin sahibləri tarix yarada bilir ki, onlar olub-bitənlərə tale deyib yetinmir. Onlar mübarizə aparır. Durmadan, dönmədən, yorulmadan, usanmadan... İnamla, imanla... Müdrik bir aforizmdə deyildiyi kimi: Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik...
Biz bu gün tarix və taledən, tarixə çevrilən taledən, məqsəd və mübarizədən, məqsədə çatan mübarizədən danışırıq. Biz bu gün dahi şəxsiyyət, böyük öndər, ümummilli lider Heydər Əliyevdən danışırıq. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, məqsəd və mübarizə, məqsədə çatan mübarizə Heydər Əliyevin özünü təsdiq formasıdır. Bu mənada Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev yolu, Heydər Əliyev zirvəsi birmənalı olaraq böyük qürur və iftixar hissi ilə yanaşı, böyük təəccüb və heyrət də doğurur.
Heydər Əliyev ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth etmişdir. Bu, bizim üçün sirr deyil, biz hamımız bunun şahidi olmuşuq ki, Azərbaycanda milli qırğın, aclıq, hətta Azərbaycanın parçalanması gündəlikdə idi. Allahın köməyi, xalqın dəstəyi və çağırışı ilə Heydər Əliyev ikinci dəfə Azərbaycana qayıtdı. Nəinki Azərbaycanı parçalanmaqdan qurtardı, yeni Azərbaycanın tarixini yazdı, yaratdı. Bu gün də bu siyasət onun davamçıları tərəfindən davam etdirilir.
Ulu Öndər cismən bizdən ayrıdır, amma ruhən bizimlədir. Onun dediyi sözlər, onun arzuları, göstərdiyi yol, bizə öyrətdiyi dövlətçilik məktəbi, həyat verdiyi müstəqillik yaşayır və yaşamaqdadır. Əlbəttə ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyildir. Azərbaycan bu gün dünyada tanınmış qüdrətli dövlətlərdən birinə çevrilmişdir. Əlbəttə, biz bu nailiyyətləri dövlətimizin rəhbərinin sayəsində əldə etmişik.
Onu da deyim ki, bir xalq üçün ən böyük qazanc bir gün bir liderə, özü də ümummilli liderə sahib olmaqdır. Çünki ümummilli lideri olmayan xalqların içində həmişə gələcəklə bağlı bir əndişə yatar.
Zaman demək olar hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Heydər Əliyev yoluna sədaqətdir. Bu yolda dönməz və əbədi müstəqillik var... Bu yol xalqımızın və dövlətimizin daha xoş və firavan gələcəyinə uzanır... Azərbaycan öz ərazi bütövlüyünü Bu yolla və bu yolda bərpa edib. Azərbaycan hər gün bu dünyaya günəş kimi doğacaq. Azərbaycan Heydər Əliyev yolu ilə daim irəliyə, irəliyə gedəcək..
Bir daha mən Allahdan Ulu Öndərə rəhmət diləyirəm.
İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsləhətçisi