Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kövrək müstəqilliyin xilası



Newscenter.az.11.12.2021. Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür.

Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir.

Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır. Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir. Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük.

Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər. Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir.

XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.

Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir.

Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Xalqın Ulu Öndərə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirilmişdi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi. Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Səfa Ağayev:
YAP İmişli rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən
Xəbəri paylaş