Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalada maarifləndirici tədbir keçirilib



Newscenter.az.11.12.2021 Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ə.Piriyev adına 2 saylı tam orta məktəbdə “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cərbayıl Əhmədov narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışaraq, məktəblilərə bu maddələr barədə geniş məlumat verib. Bildirib ki, “Ağ ölüm” kimi tanınan narkomaniya cəmiyyət üçün böyük və sarsıdıcı problemlər yaratmaqla bərabər, aludəçisinə çevrilmiş şəxslərin həyatını tamamilə məhv edir. Zərərli vərdişlərə qurşanan gənclər tamamilə cəmiyyətdən təcrid olunur və bir daha normal həyata qayıda bilmirlər. Buna görə də, siz məktəblilər daima diqqətli olmalı, cinayət yolundan uzaq durmalı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər gördükdə və ya haqqında məlumatlı olduqda mütləq valideynlərinizə və hüquq mühafizə orqanlarına məlumat verməlisiniz.

“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən digər tədbir iştirakçıları isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər. Şagirdlərə əsasən təhsilə maraq göstərməli olduqlarını qeyd edən məruzəçilər, onların gələcəyin müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıblar.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Mehman
Xəbəri paylaş