Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: Dövlətçiliyimizin simvolu



Newscenter.az.11.12.2021. Ümummilli lideri Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir. Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın Xilaskarı olmuşdur. Birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrinin, milli ruh və milli ideologiyanın sovet imperiyası tərəfindən məhv edilməsinin qarşsını almış, milli kimliyimizi qoruyub saxlamış, Azərbaycançılıq ideologiyasını inkişaf etdirmişdir.

Müstəqilliyini bərpa edən Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsinin qarşısı da məhz Ulu öndərin Xilaskarlıq missiyası sayəsində alınmışdır. O, 90-cı illərdə müstəqil respublikamızı zamanın ağır və sərt sınaqlarından çıxararaq sabit inkişaf yolu ilə irəliləməsinə nail oldu.
Heydər Əliyev aramsız davam edən təcavüzkar Ermənistanın işğalçılıq planlarının da qarşısını aldı, atəşkəsə nail olaraq peşəkar nizami Milli Ordumuzun formalaşmasını təmin etdi və bununla da Qarabağın düşməndən azad edilməsi üçün qarşısalınmaz milli həmrəyliyin, erməni faşizminə qarşı milli gücün yaranmasının əsasını qoydu. Məhz həmin illərdə Qələbəyə hesablanmış uzaqgörən strateji hərbi doktrinanın təməli qoyuldu.
Heydər Əliyev Qarabağa hədsiz bağlı idi, bu torpaqlara çox sevirdi. Əlbəttə, birmənalı olaraq Qarabağın inkişafı məhz Onun adı ilə bağlıdır. 1970-80-ci illərdə Qarabağda aparılan böyük quruculuq işləri, Şuşa şəhəri və digər rayonların çox sürətli inkişafı Onun yorulmaz fədakr əməyinin nəticəsi idi. Qarabağın hər guşəsində Heydər Əliyevin əl izi var, vaxtilə inşa edilmiş bütün infrastrukturlar və müəssisələr, abidələr Onun yadigarıdır. Təəssüf ki, erməni vandalları onların hamısını məhv etdi.

Heydər Əliyevin müdrik siyasi zəkası və müqayisə olunmaz qətiyyəti sayəsində Azərbaycan diplomatik Zəfər qazanmağa da nail olmuşdur. O, ölkəmizin haqq səsinin dünyaya çatdırdı, beynəlxalq tribunalarda əzmkar çıxışlarla və prinsipial xarici siyasət yürütməklə Ermənistanın faşist simasını dünyaya təqdim etdi. Ulu Öndərin möhkəm qətiyyəti sayəsində Azərbaycanın bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olan və ərazi bütövlüyümüzüm təmin edilməsində beynəlxalq hüquqi istinad kimi xüsusi yer tutan BMT-nin qətnamələri və digər sənədlər qəbul olundu.
Ulu Öndər Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün bütün gücünü, varlığını sərf edirdi və doğma torpaqlarımıza qovuşacağımıza dərin inamı vardı, deyirdi ki, “Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan torpağıdır. Qarabağda azərbaycanlılar əsrlər boyu yaşamışlar, yenə yaşayacaqlar. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq”.

Heydər Əliyevin bu ümumxalq şüarı xalqımızın öz doğma torpaqlarına qovuşacağına olan sarsılmaz inamını daha da möhkəmləndirdi. Onun Varisi, Cənab İlham Əliyev Ulu Öndərin Xilaskarlıq Missiyasını üzərinə götürərək Ata vəsiyyətini yerinə yetirdi, 44 günlük Vətən Müharibəsində erməni faşizminin başını əzdi. Sözsüz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlyi ilə erməni faşizmini məhv edən Rəşadətli Silahlı Qüvvələrin banisi də Ulu Öndərdir.

Bu gün Azərbaycan tarixinin ən Şanlı dövrünü yaşayır. Bu gün Azərbaycanın Xilaskarı Heydərin Əliyevin ruhu şaddır. Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır.

Bu gün hər bir azərbaycanlı fəxr edir ki, Onun əbədiyaşar Ümummilli lideri vardır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş