Newscenter.az.12.12.2021. Bu kəlamlar, hər il, dekabr ayının 12-də anım gününü qeyd etdiyimiz, xalqımızın ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevə məxsusdur.
İstər SSRİ-nin tərkibində 20-ci əsrin ikinci yarısını, istərsə də müstəqillik tariximizi dərindən təhlil etdikdə, əldə olunan tarixi qələbələrin fonunda bir daha Ulu Öndərin nə qədər haqlı olduğunun şahidi olursan. Tarix hər şeyi öz yerinə qoydu.
Heydər Əliyevin adı, şəxsiyyəti bütöv bir epoxa olaraq, nəinki Azərbaycanın, eyni zamanda dünya tarixində həkk olundu.
“İnanın ki, biz mütləq Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Ağdama qayıdacağıq. Biz bunlarsız yaşaya bilmərik”
Azad olunmuş Şuşanın Cıdır düzündə, ilk dəfə keçirilən “Xarı bülbül” festivalının yekununda Heydər Əliyevin səsləndirdiyi bu fikirlər, milyonlarla insanı cuşa gətirməklə, müəllifin uzaqgörənliyini, vətənə hədsiz bağlılığını göstərirdi. Hər kəsə bəllidir ki, Heydər Əliyev SSRİ rəhbərliyindəki vəzifələrindən istefa verməsəydi, Qarabağ işğal olunmaz, 20 yanvar, Xocalı və digər çoxsaylı faciələrlə üzləşməzdik.
Məhz, Heydər Əliyevin qətiyyəti sayəsində 1993-cü ildə separatçılığın, vətəndaş müharibəsinin qarşısı alındı, ölkə parçalanmaqdan xilas oldu. Əsrin neft kontraktları imzalandı. Cəmiyyətin bütün sahələrində islahatlar aparıldı. İqtisadi inkişafın, güclü ordunun əsası qoyuldu. Nəticə göz qabağındadır. Torpaqlar azad olundu. Azərbaycan güclü dövlətə, beynəlxalq müstəvidə söz sahibinə çevrildi.
Ümummilli Liderin zəngin irsi, həyat və dövlətçilik fəlsəfəsi gənc nəsillər tərəfindən öyrənilir. Onun başladığı siyasət, başa çatdıra bilmədiyi işlər oğlu, Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur.
İllər ötsə də, milyonlarla insan tərəfindən onun xatirəsi anılır, əziz tutulur. Bununla da, Azərbaycan xalqı öz xilaskarına vəfa borcunu qaytarır.
Vətən müharibəsindən sonra, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının həyatı kökündən dəyişdi. Natamamlıq kompleksi üzərimizdən götürüldü. Xalqın qüruru bərpa olundu.
Əsrlər keçəcək, Ulu Öndər Heydər Əliyev minnətdarlıq hissi ilə xatırlanacaq, ruhuna dualar oxunacaq.
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı