Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“DTK polkovniki ilə birgə Surət Hüseynovla görüşüb ona dedik ki, Heydər Əliyev...”



“Surət Hüseynov da deputat kimi Heydər Əliyevin qayıdışı üçün imza atmışdı...”

Newscenter.az.12.12.2021.
“1993-cü ilin yazında biz, bir qrup deputat Heydər Əliyevin qayıdışını təşkil etmək məqsədilə Ali Sovetin növbədənkənar sessiyasının çağırılmasını tələb etməyi qərara aldıq və bu məqsədlə imza toplamağa başladıq. Mən, rəhmətlik Maksim Musayev, Əli Nağıyev, Rafael Allahverdiyev və başqaları bu prosesdə fəal iştirak edirdik. Amma onu da deyim ki, bəziləri tərəddüd edir, hətta qorxurdular”.

Bunu Moderator.az-a Azərbaycan parlamentinin sabiq deputatı Cahangir Hüseynov 12 dekabr - Heydər Əliyevin anım günü ərəfəsində onunla bağlı xatirələrini nəql edərkən danışıb:

“Rəhmətə getdiyi üçün adını çəkmirəm, general rütbəli bir deputata imza üçün müraciət etdim. Dedi ki, Cahangir, xahiş edirəm, məndən uzaq ol. Dedim, a kişi, burada nə var ki, qorxursan. Dedi ki, yox e, qorxuram. Onun yanından çıxıb parlamentə gəldim, aparat işçiləri mənə çatdırdılar ki, indi həmin general zəng edib rəhbərliyə ki, Cahangir Hüseynov məndən H.Əliyevin qayıdışı üçün imza almaq istəyirdi, razı olmadım... Bütün bu çətinliklərə rəğmən biz 132 imza toplaya bildik. Təsəvvür edirsinizmi, hətta Surət Hüseynov da deputat kimi Heydər Əliyevin qayıdışı üçün imza atmışdı. Biz həmin imzaları parlament sədri İsa Qəmbərə təqdim etdik. O, müavini Tamerlan Qarayevlə birgə baxdı və dedilər ki, biz məsələni prezidentə çatdırıb sizə məlumat verərik. Hətta biz sessiya söhbətini, bir qrup deputatın qeyri-qanuni olaraq parlament iclaslarından təcrid edilməsi məsələlərini qaldıranda AXC hakimiyyətindən bəziləri deyirdilər ki, biz hakimiyyətə zor gücünə gəlmişik, bacarırsınızsa, siz də gəlin… Bu minvalla məsələ uzandı, sonra da Gəncədə hadisələr baş qaldırdı” – deyə söhbətinin davamında Cahangir Hüseynov bildirib.

“Sizcə, həmin sessiyanı keçirə bilsəydiniz, Gəncə hadisələri baş verməyəcəkdi?” sualını həmsöhbətimiz belə cavablandırıb:

“Bəli. Inanın ki, əgər həmin sessiya alınsaydı və Heydər Əliyev vaxtında Bakıya qayıtsaydı, çox guman ki, Gəncədə heç bir qiyam-filan baş verməyəcəkdi və hər şeyi əmin-amanlıqla qaydasına salacaqdıq”.

“İyun olayları zamanı Gəncəyə də getdinizmi? Nələrin şahidi oldunuz?” sualına cavabında isə sabiq deputat bunları danışıb.

“Bəli, biz 1993-cü il iyunun ortalarında o zaman hərbi əks-kəşfiyyat idarəsində çalışan Azərbaycan DTK-nın Gəncə bölməsinin keçmiş rəisi, polkovnik Cəbrayıl Nağıyevlə birgə Gəncəyə yollandıq. Həmin gün bizdən öncə Heydər Əliyev buraya gəlib qayıtmışdı. Yol boyu bölgələrdən keçdikcə əhalinin əhval-ruhiyyəsinə fikir verirdik. Əksər yerlərdə camaat AXC hakimiyyətindən narazılığını ifadə edir və Heydər Əliyevin gəlib ölkəni qaydaya salmasını istəyirdi. Gəncədə də icra hakimiyyəti binası qarşısında ardıcıl etiraz mitinqləri gedirdi. Biz də həmin mitinqdə çıxış edərək 4 iyuh hadisələri zamanı həlak olanlara görə camaata başsağlığı verdik. Sonra isə oradan Surət Hüseynovun yanına yollanıb onunla görüşdük. Köməkçisi Aypara Əliyev və keçmiş kənd təsərrüfatı naziri Müzamil Abdullayev də onun yanında idi... Surəti əvvəllər yaxından tanımırdım, ilk dəfə idi, onunla görüşürdük. Söhbət zamanı biz ona Heydər Əliyevin hakimiyyətə qayıdışına dəstək verməyini tövsiyə etdik. İndiki vaxtda ölkəni, dövləti idarə etmək üçün yalnız Heydər Əliyevin rəhbərlikdə olması lazımdır. Surət Hüseynov bizə konkret bir cavab verməsə də, hiss etdik ki, Surət AXC hakimiyyətindən həddindən artıq narazıdır və qətiyyən onlarla barışığa getmək fikri yoxdur. Buna görə də onun bizim dediklərimizlə razılaşmaqdan savayı yolu olmadığını anladıq. Onu da xatırladım ki, xeyli əvvəl Surət Hüseynov, öncə dediyim kimi Heydər Əliyevin qayıdışı üçün sessiya keçirməklə bağlı deputatların bizim hazırladığımız müraciətinə də imza atmışdı” –deyə Cahangir Hüseynov vurğulayıb.
Xəbəri paylaş