Suriya problemi: SƏBƏB VƏ NƏTİCƏLƏR
Tarix: 12-12-2021, 11:35
Newscenter.az.12.12.2021. Suriya münaqişəsinin səbəbləri haqda çox yazılsa da Azərbaycan mediasında konflikt əksər hallarda yalnız daxili və xarici siyasi (və ya geosiyasi) aspektlərdən işıqlandırılıb. Halbuki konfliktin yaranmasının azı 8 səbəbini göstərmək olar:
1. Daxili siyasi - əsas dövlət və hakimiyyəti qurumlarının ölkədə azlıq təşkil edən kəsimin (ələvilər) kiçik bir qrupu tərəfindən uzurpasiyası və ictimai-siyasi institutların sıradan çıxarılması;
2. İqtisadi - 2000-ci ildən başlayan liberallaşma və onun nəticəsində dövlətin inhisarında olmuş sənaye, bank-maliyyə sektoru, səhm bazarı, tikinti kimi sahələrin hakim ailənin üzvlərinin nəzarətinə keçməsi (xarici mediada bu, tez-tez "ələvi oliqarxiyası" adlandırılır) və ölkədəki müəssisələrin 95% təşkil etmiş, ailə podratı kimi fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin kütləvi iflasa uğraması;
3. Ekoloji - hakimiyyətin 1999-cu ildə baş verən quraqlığı aradan qaldırmaq üçün yeraltı sulardan istifadə etmək barədə yanlış planının (27 min su quyusunun qazılması) həyata keçirilməsi ilə 2009-cu ildə baş verən ikinci quraqlıq nəticəsində kənd təsərrüfatı üçün yararlı torpaqların sürətlə səhralaşması, 35% kənd əhalisinin ifrat yoxsullaşması;
4. Humanitar - İraqda baş verən vətəndaş müharibəsi nəticəsində oradan ölkəyə çoxsaylı qaçqınların gəlməsi və bunun sosial-iqtisadi vəziyyəti bir qədər də gərginləşdirməsi;
5. Geosiyasi - bəzi Ərəbistan yarımadası ölkələrinin (əsasən, Səudiyyə Ərəbistanı və Qətər) Suriya üzərindən qaz nəqlini həyata keçirmək istəyi, Rusiyanın isə buna mane olması;
6. Dini - əhalinin 8-10% təşkil edən və bəzi mənbələr (həm də Suriyadakı müxtəlif dini qruplar) tərəfindən əslində sektant olduqları iddia edilən ələvilərin əhalisinin azı 55-60% sünni olan çoxluq üzərində hakimiyyətindən istifadə edərək onları sıxışdırması;
7. Mənəvi-psxoloji - var-dövlət içində batan yeni oliqarxiyanın yoxsullaşmış və böyük şəhərlərə köç edən əsasən sünni əhali qruplarına qarşı aşağılayıcı davranışı (bəzi mənbələrə görə şəhərlərə köç edən əhalinin sayı 3 mln nəfərədək olub);
8. Hüquqi - bütün yuxarıda sadalananların fonunda (və ya nəticəsində) dövlət və hakimiyyət orqanlarını ələ keçirmiş klan nümayəndələrinin yoxsul əhali qruplarına qarşı zorakılığının və qəddarlığının sürətlə artması.
Bu arada qeyd edim ki, Suriyada "Ərəb baharı" dalğasında başlayan etiraz aksiyalarının ilkin səbəbi kimi məhz sonuncu - hakimiyyətin zorakılığının artması göstərilirdi və şüarlar da bununla bağlı idi. Etirazçılar Bəşər Əsədin istefasını və ölkədə demokratik, azad və ədalətli seçkilərin keçirilməsini tələb edirdilər.
Sonrası isə hər kəsə bəllidir, amma ölkə əhalisinin yarısından çoxunu qaçqına (və ya köçkünə) çevirmiş, ölümə və aclığa məhkum etmiş, ölkənin özünü isə xarabalığa döndərmiş və müxtəlif xarici dövlətlərin nəzarətində olan sektorlara bölmüş münaqişənin sonunu hələ ki, heç kəs proqnozlaşdıra bilməz.
Sadalanan səbəblərə diqqətlə baxsaq, kleptokratik avtoritar-marionet rejimli ölkələrin az qala hər birində onların tən yarısını (bu da hələ ən yaxşı halda) görə bilərik. Bu isə o deməkdir ki, belə ölkələrin əksəriyyətinin Suriyaya çevrilmək şansı da təxminən 50%-ə bərabərdir. Xüsusilə də 1, 2, 5 və 8-ci səbəblərin mövcud olduğu ölkələrdə.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri












































