Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Media haqqında” qanun layihəsi “KİV haqqında” mövcud qanundan hər mənada mütərəqqidir



Newscenter.az.13.12.2021. “Media haqqında” yeni qanun layihəsinin ictimai mühitdə geniş müzakirələrə səbəb olmasını anlayışla qarşılamaq olar. Çünki bu sahədə uzun illər idi ki, qanunvericilik nöqteyi-nəzərindən çoxlu problemlər yığılıb qalmış, hüquqi boşluqlar yaranmışdı. Dövr dəyişir, mətbuatımızda keyfiyyət dəyişikliyi baş verirdi, lakin 1999-cu ildə qəbul olunmuş və hazırda da qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun isə bu dəyişikliklərlə tam ayaqlaşa bilmirdi. Hərçənd ki, artıq bu günə kimi həmin qanunda nə az nə çox, düz 79 dəfə dəyişikliklər edilib. Lakin yenə də əyər-əskiklər, çatışmazlıqlar qalmaqda davam edirdi.

Həmin dövrdən bu günə kimi, yəni ki, son 22 ildə bu sahədə tamamilə yeni reallıqlar və yeni tələblər formalaşıb. Vətən müharibəsindən sonra isə media siyasətimizin yenilənməsi ümumiyyətlə, günün tələbinə çevrilib. Qarabağın işğaldan azad edilməsindən sonra dövlət-media və media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar media üzrə qanunvericilik bazasının yenilənməsinə zərurət yaradıb. Bu baxımdan biz bu layihəni ölkə mediasının inkişafına təkan verəcək bir qanun layihəsi kimi qiymətləndiririk. Bu qanun layihəsi qəbul edilərsə, Azərbaycanda təkcə çap mətbuatı deyil, onlayn medianın, internet televiziyalarının tənzimlənməsi istiqamətində də əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.
Qanun layihəsinin geniş ictimai müzakirəyə çıxarılması da öz-özlüyündə müsbət addım kimi təqdir edilməlidir. Əlbəttə, sözügedən layihəni tənqid etmək, onu top atəşinə tutmaq asandır, necə ki, bir çoxları indi məhz bununla məşğuldur. Ancaq layihədəki mütərəqqi cəhətləri tamamilə görməzdən gəlmək, inkar etmək ədalətsiz yanaşmadır. Nəzərə almaq lazımdır ki, bu layihə media sahəsində müasir dünyanın reallıqlarına yönəlik bir layihədir və ölkə mediası üçün müsbət yeniliklərə yol açır.

Bir sözlə, “Media haqqında” qanun layihəsi “KİV haqqında” mövcud qanundan hər mənada mütərəqqidir. Jurnalistləri attestasiyadan keçirməyə və bir sıra digər məhdudiyyətlər tətbiq etməyə də lüzum yoxdur. Media onsuz da özü süzgəc rolunu oynayır və qeyri-peşəkarlar ciddi mediada uzun müddət duruş gətirə bilmir. Milli Həmrəylik Partiyası indiyədək ölkə mediasında tətbiq edilməmiş bir sıra yeniliklərlə zəngin olan “Media haqqında” qanun layihəsini dəstəkləyir. Biz bu qanun layihəsini irəliyə doğru olduqca mühüm bir addım kimi qiymətləndiririk.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş