Newscenter.az.14.12.2021. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın zamanlarda Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımların atılacağını, qarşılıqlı xüsusi nümayəndələrin təyin ediləcəyini, hətta İrəvana çarter reyslərinin təşkil olunacağını söyləyib.
Çavuşoğlunun qeyd etdiyi məsələlər faktiki olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması mənasına gəlsə də o, “Türkiyə hər zaman olduğu kimi bundan sonra da hər addımda Azərbaycanla birlikdə hərəkət edəcək” deyib.
Məsələ ondadır ki, rəsmi Bakının indiki halda Ermənistandan tələbi İrəvanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, Azərbaycanla sülh müqaviləsi imzalamasıdır. Hesab edirəm bu məsələdə rəsmi Bakı ilə Ankaranın mövqeyi əvvəldən eynidir.
Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistana xüsusi nümayəndə təyinatı ilə bağlı açıqlamasında qeyd edib ki, “Ermənistan hər zaman olduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır”. Yəni Unanyan deyir ki, Ermənistan da Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək, lakin Ankara İrəvana heç bir şərt irəli sürməsin.
Ermənistan bu tələbində çox israr edə bilməyəcək. Məsələ ondadır ki, Ermənistan Türkiyə qarşısında hansısa şərt qoymaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün həyati bir məsələdir. Bu mənada deyə bilərik ki, rəsmi İrəvan gec-tez Ankara və Bakının ortaq tələbləri ilə razılaşmaq məcburiyyətində qalacaq.
Turan Rzayev-siyasi ekspert