Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DQİDK sədri XVII Beynəlxalq Müsəlman Forumunda iştirak edib



Newscenter.az.15.12.2021. Dekabrın 15-də Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi və Beynəlxalq Müsəlman Forumunun Katibliyinin birgə təşkilatçılığı ilə “Ekoloji təbliğatdan ekoloji düşüncəyədək: danışıq üslubunun optimal yolunun axtarışı” mövzusuna həsr olunmuş XVII Beynəlxalq Müsəlman Forumu keçirilib.

Newscenter.az Dini Komitəyə istinadən xəbər verir ki, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Rusiya Müftilər Şurasının sədri, müfti Şeyx Ravil Qaynutdinin açılış nitqi ilə başlayan onlayn forumda Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş, Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Ayuso (Vatikan), Misir, Özbəkistan, Qazaxıstan, Tacikistan, habelə digər dövlətlərin baş müftiləri, Amerika, Böyük Britaniya və digər ölkələri təmsil edən nümayəndələr, din xadimləri çıxış ediblər.

Beynəlxalq Forumda çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə genişmiqyaslı ekoloji tərbiyə və maarifləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. DQİDK sədri qlobal xarakter daşıyan ətraf mühitin qorunması məsələsinin həlli üçün din xadimlərinin üzərinə düşən vəzifələr, onların ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələrdə fəal iştirakına diqqət çəkib. Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən hazırlanan nəşrlər, videoçarxlar arasında din və ekologiya, islam dini və təbiətə münasibət, eləcə də bu kimi digər mövzulara yer verildiyini, televiziya kanalları, sosial medianın imkanlarından da geniş istifadə edilərək maarifləndirici fikirlərin təbliğ edildiyini bildirib. Dövlət Komitəsinin sədri, eyni zamanda 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan, Vətən müharibəsindəki parlaq qələbəmiz nəticəsində azad olunan Qarabağ və ətraf rayonlarda Ermənistanın törətdiyi ekoloji terror barədə danışıb. M.Qurbanlı Prezident İlham Əliyevin müəyyən etdiyi proqram üzrə işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin uğurla başlanıldığını, onların sırasında ətraf mühitin bərpasının xüsusi yer tutduğunu, Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi istiqamətindəki irimiqyaslı layihələrin uğurla icra edildiyini forum iştirakçılarının nəzərinə çatdırıb.

Dünyanın müvafiq təşkilatlarından olan nümayəndələrin məruzələrinin maraqla qarşılandığı Forum işini müzakirələrlə yekunlaşdırıb.

Sevinc
Xəbəri paylaş