Newscenter.az.15.12.2021. Ərəb mətbuatında Qahirədə keçirilmiş Misir-Azərbaycan Dostluq Cəmiyyətinin rəsmi açılış mərasimi haqqında xəbərlər yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Misir, İraq, Əlcəzair, İordaniyanın “Asia əl Yom”, “Əl Hərir”, “Əl Vəsiqə”, “Ligaispanic Ərəbi”, “Əl Qərar Əl Ərəbi”, “Əcnədin” və digər mətbuat orqanlarında yayımlanan materiallarda tədbirdə Misir parlamentinin Dini İşlər və Vəqflər Komitəsinin sədri Şeyx Əli Cumanın, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin, ölkəmizin Misirdəki səfiri Tural Rzayevin, Ərəb və İslam Dünyasında Seyyidlər Həmkarlar İttifaqının sədri Əl-Seyyid Mahmud əl-Şərifin və digər rəsmi şəxslərin iştirak etdikləri diqqətə çatdırılıb.
Xəbərlərdə qeyd olunub ki, Müqəddəs Quran ayəsinin oxunması ilə başlayan mərasimdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qurumun əsas məqsədinin xalqlar arasında dostluğun möhkəmlənməsi olduğunu deyib. O əlavə edib ki, burada təşkil olunan təmənnasız kurslarda Misirlə yanaşı, dünyanın bir çox ölkələrindən olan tələbələrə Azərbaycan, ərəb və ingilis dilləri, Qurani-Kərim, xəttatlıq və digər fənlər tədris edilir. Bundan başqa, cəmiyyətin sosialyönümlü fəaliyyətinə aztəminatlı ailələrə yardımlar göstərilməsi, mədəni və elmi tədbirlərin keçirilməsi də daxildir. Misir-Azərbaycan Dostluq Cəmiyyəti, eyni zamanda, azərbaycanlıların evinə çevrilib. Cəmiyyətin sədri vurğulayıb ki, əsas hədəf təkcə Misirdə deyil, dünyanın bir çox ölkələrində Azərbaycan üçün yeni dostlar qazanmaqdır.
Materiallarda Şeyx Əli Cumanın Misir-Azərbaycan Cəmiyyətinin fəaliyyətinin əhəmiyyəti barədə fikirləri də yer alıb. Misirin görkəmli dini və ictimai xadimi qeyd edib ki, bu qurum elmin və təhsilin inkişafına töhfə verəcək, həmçinin tələbələrə yardımlar göstərəcək və xalqlar arasında dostluq əlaqələrini möhkəmləndirəcək.
Sonda qeyd edilib ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini E.Əliyev bu cür mötəbər qurumun təsisçilərinə təşəkkürünü bildirib.