Newscenter.az.16.12.2021. 2021-ci ilin sona çatmasına sayılı günlər qalıb. Başa vurmaqda olduğumuz bu ilin Azərbaycan dövləti, xalqı üçün hansı əlamətdar hadisələrlə yadda qaldığı hesab edirəm ki, hər birimiz üçün maraqlıdır. Eləcə də 2021-ci ilin ölkəmiz üçün nə dərəcədə uğurlu olub-olmadığı da cəmiyyətdə əsas sual doğuran məsələlərdəndir. Biz də cəmiyyətin, insanlarımızın bu marağını nəzərə alaraq bu barədə Milli Məclisin deputatlarına müraciət etdik. Beləliklə, Milli Məclisin bir neçə deputatı 2021-ci ilin yadda qalan hadisələri ilə bağlı fikirlərini "OLAYLAR"la bölüşdülər.
Nəsib Məhəməliyev: "2021-ci ili xalqımız başı dik, qürur hissi ilə yaşadı"
Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, başa çatmaqda olan 2021-ci il Azərbaycan üçün olduqca əlamətdar, tarixi, şərəfli, eyni zamanda ictimai rezonans doğuran hadisələrlə zəngin oldu. Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə götürdükdə, müharibədən çıxmasına baxmayaraq, ölkəmiz inamla inkişaf yolunu davam etdirdi, xarici və daxili siyasətdə bir çox uğurlara imza atdı:
"Xüsusilə yaddaşlara həkk olunmuş hadisələrə gəldikdə isə, ilk növbədə Prezident İlham Əliyevlə, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladığı, tarixi "Şuşa Bəyannaməsini" qeyd etmək istərdim. "Şuşa Bəyannaməsi" regional təhlükəsizlik sistemində yeni konfiqurasiya yaratmaqla, iki qardaş ölkənin gücünə güc qatdı. Strateji əməkdaşlıq planı təsdiqləndi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türk Dövlətləri Təşkilatı adlandırılması, türk dünyasına inteqrasiya proseslərini sürətləndirəcək və gələcəkdə vahid mövqedən çıxış edən güclü bir beynəlxalq təşkilata çevriləcəkdir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin, 1-ci vitse-Prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunan rayonlara silsilə səfərlərinin hər biri, bir tarixi hadisə kimi, müstəqillik salnaməmizə yazıldı:
"Qısa zaman kəsiyində, xaotik şəkildə basdırılmış minalardan təmizlənmiş ərazilərdə, görünməmiş sürətlə həyata keçirilən infrastruktur layihələrinin hər biri bir qəhrəmanlıq səhifəsidir. Hərbi Qənimətlər Parkının yaradılması, Zəfər yolunun inşasının başa çatdırılması, Qarabağın hava qapısı sayılan Füzuli beynəlxalq hava limanının açılışı, Zəngilan, Laçın beynəlxalq hava limanlarının, işğaldan azad olunmuş bütün şəhər, rayon, qəsəbələri birləşdirəcək maqistral yolların tikintisinə başlanılması, elektrik stansiyalarının , inzibati binaların, hərbi hissələrin, çoxsaylı infrastruktur layihələrinin, Ağdam və digər yaşayış məskənlərinin təməl qoyma mərasimlərinin keçirilməsi, "Ağıllı şəhər", Ağıllı kənd" layihələrinin təqdimatı, yadda qalan hadisələrdir. Mədəniyyət sahəsində, Şuşada dahi Üzeyir Hacıbəyovun, Natəvanın, Bülbülün abidələrinin qoyulması, Molla Pənah Vaqifin məqbərəsinin, məscidlərin, tarixi-mədəni abidələrin bərpası, "Xarı bülbül" festivalının, Vaqif poeziya günlərinin təşkili, hər birimizin yaddaşında müsbət təəssüratlarla qalacaqdır. İdman sahəsində, ilk dəfə futbol üzrə Avropa çempionatının final oyunlarının 4-nün paytaxtımızda keçirilməsi və "Qarabağ" futbol komandasının Avrokuboklardakı nailiyyətlərini xatırlamaq yerinə düşər".
Nəsib Məhəməliyev onu da diqqətə çatdırıb ki, ötən il cəmiyyətdə ictimai-siyasi rezonans doğuran hadisələrlə də zəngin oldu:
"Uzun illər ərzində müxtəlif dövlət vəzifələrini tutmuş nazirlərin, generalların, bir çox yüksək çinli məmurların işdən azad olunmasını müşahidə etdik, struktur islahatları davam etdirildi. Korrupsiya ilə mübarizə kontekstində səs-küylü həbslər oldu. Ən əsası odur ki, əvvəlki 30 ildən fərqli olaraq, xalqımız, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, 2021-ci ili başı dik, qürur hissi ilə yaşadı. Bu il, dövlətimiz üçün uğurlu oldu, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı. Əminəm ki, 2022-ci il də sabit, daha məzmunlu, müxtəlif əlamətdar hadisələrlə zəngin il kimi tarixə düşəcəkdir".
Azər Badamov: "Yola saldığımız il Azərbaycanın tarixinə uğurlu bir il kimi həkk olunacaq"
Mıllət vəkili Azər Badamov hesab edir ki, 2021-ci il Azərbaycan üçün uğurlu olub:
"İlk növbədə qeyd edə bilərəm ki, il ərzində işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri uğurla davam etdirildi. Zəfər yolunun və Füzuli Beynəlxalq Fava Limanının açılşları oldu. İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin baş planları təsdiq olundu. Azərbaycanın iqtisadi rayonlar bölgüsündə dəyişiklik edilərək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı".
Millət vəkili bildirib ki, 2021-ci ildə döyüş meyanında qazandığımız qələbənin möhkəmləndirilməsi istiqamətində uğurlu addımlarımız atıldı:
"Artıq dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Azərbaycanın qələbəsini tanıyır və ölkəmizi təbrik edir. Azərbaycanın beynəlxalq arenada sözünün gücü və kəsəri bir daha artmış oldu".
Azər Badamov onu da vurğulayıb ki, 2021-ci ildə pandemiyaya qarşı mübarizəmizi uğurla davam etdirdik. Deputat təəssüf hissi ilə onu da qeyd edib ki, bu virusa yoluxmalardan dünyasını dəyişənlər də oldu:
"Ümumilikdə götürəndə pandemiyaya qarşı mübarizədə Azərbaycan ön sıralarda dayandı. Əhalinin peyvəndlənməsini 60%-ə çatdıra bildik. Bu bizim müəyyənləşdirdiyimiz hədəfə yaxınlaşmamız deməkdir. 2020-ci ildə pandemiyanın təsirindən ölkəmizin iqtisadiyyatında geriləmə müəyyən olunmuşdu. 2021-ci ildə isə iqtisadiyyatımız sabitləşdi və yenidən artmağa başlandı. 2022-ci ilin dövlət büdcəsi qəbiul olundu. Bu il qəbul etdiyimiz dövlət büdcəsi manatla ifadədə müstəqillik tariximizin ən böyük həcimli büdcəsi oldu. Gələn ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün maliyyə vəsaitləri də dövlət büdcəsində nəzərdə tuta bildik. Pandemiyanın davam etməsi və işğaldan azad olunmuş rayonların yenidən qurulmasının böyük xərc aparmasına baxmayaraq, regionların tarazlı inkişafı ilə bağlı tədbirlər davam etdirildi. Bir neçə rayonda yeni sosial infrastruktur layihələrinin və müəssisələrin açılışları oldu. Ümumilikdə götürəndə yola saldığımız il Azərbaycanın tarixinə uğurlu bir il kimi həkk olunacaqdır".
Bəhruz Məhərrəmov: "İqtisadiyyata dəyən zərbənin nəticələrinin aradan qaldırılması baxımdan 2021-ci il uğurlu oldu"
Millət vəkili Bəhruz Məhərrəmovun sözlərinə görə, 2021-ci il Azərbaycan üçün o qədər müstəsna əhəmiyyətə malik bir tarixi dövr olub ki, onu ayrı-ayrı hadisələr fonunda qiymələndirməyi doğru hesab etmir. Deputat bildirir ki, hər şeydən öncə, bu il bizim üçün sınaq ili olduğu üçün, bütün dünyanın gözü Azərbaycanda idi:
"Biz zəfərimizin nəticələrini qoruyub saxlaya biləcəyik ya yox?! Azərbaycan bu sınaqdan nəinki üzüağ çıxdı, üstəlik, cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin sonucunda yaranan yeni hərbi-siyasi reallığın nəticələrinin daha da möhkəmlənməsinin şahidi olduq. Bu mənada Qarabağ və Şərqi Zəngəzurda sürətli quruculuq və bərpa prosesinin başlanması, beynəlxalq investorların bu proseslərə cəlb edilməsi, iri layihələrin, məsələn, Füzuli hava limanının təməlinin qoyulması və cəmi 9 aydan sonra onun açlışının edilməsini xüsusi qeyd etməliyik. Habelə, Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada Xarıbülbül festivalı, Vaqif Poeziya günlərinin təşkil edilməsi xüsusi qeyd oluna bilər. Bundan başqa 11 yanvar və Soçi görüşləri, Brüssel təmasları, habelə, erməni təxribatlarının qarşısının qətiyyətlə alınması fonunda Azərbaycanın diqtə edən dövlət kimi regionda mövqeyinin güclənməsi xüsusi mühüm tarixi proseslərdir".
Bəhruz Məhərrəmov onu da deyib ki, həmçinin, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın nüfuzunun artması, BMT strukturlarında Azərbaycanın təşəbbüslərinin reallaşması, cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin formalaşması kimi məsələlər fonunda rəsmi Bakının artıq qlobal oyunçu kimi qəbul edilməsi çox vacib nüanslardır:
"Habelə, pandemiyanın ilk dövründə iqtisadiyyata dəyən zərbənin nəticələrinin aradan qaldırılması baxımdan 2021-ci il uğurlu il oldu. Eləcə də fevral ayında Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşməsi, inkişaf perspektivləri üzrə çox ciddi yol xəritəsinin müəyyən olunması ilin vacib hadisələridir".
Bəhruz Məhərrəmov hesab edir ki, eyni zamanda atılan sosial xarakterli addımlar, xüsusən də cənab Prezidentin 25 yanvar 2021-ci il Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamı bu istiqamətdə başlanan işlər bu il xatırayacağımız vacib hadisələrdəndir:
"Lakin sözümün əvvəlində qeyd etdiyim ki, biz bu proseslərə vahid və tam kimi yanaşmalı, ümumi rakursdan qiymətləndirməliyik. Bu cür təhlilin də nəticələri həqiqətən də 2021-ci ilin Azərbaycan üçün uğurlu bir dönəm olduğu qənaətinə gəlməyə imkan verir".
Vüqar İsgəndərov: "2021-ci ildə biz yeni azərbaycanlı obrazını dünyaya göstərdik"
Deputat Vüqar İsgəndərov da qeyd edib ki, son illər, xüsusilə 2020 və 2021-ci illər Azərbaycan dövləti, xalqı üçün uğurlu illər sayılmalıdır. Millət vəkilinin sözlərinə görə, 2020-ci ildə dünyada yeganə xalq və dövlət olduq ki, özümüzü xoşbəxt saydıq, uzun illər işğal altında olan ərazilərimizi düşməndən azad etdik:
"Bütün dünya pandemiyadan əziyyət çəkdi. Yeni qlobal miqyaslı bir problemlə dünya hələlik tanış deyildi. Dünya tibbi çox çətin və çıxılmaz vəziyyətdə qalmışdı. Pandemiya insanları gündəlik qayğısız bir həyatdan stresli bir həyata atmışdı. Bütün bunlardan dolayı dünya ictimaiyyəti, insanlar 2020-ci ili heç də xoş xatirələrlə yada salmayacaq. Ancaq yuxarıda da qeyd etdiyim kimi yeganə xalq olduq ki, xüsusilə 2020-ci ilin sonlarında çox xoşbəxt hisslər keçirdik. Uzun illər həsrətində qaldığımız torpaqlarımıza qovuşduq".
Millət vəkili bildirib ki, 2021-ci ili 44 günlük Vətən müharibəsindən sonrakı mərhələni, postmüharibə dövrü kimi xarakterizə edə bilərik və biz artıq bu il də müharibənin ikinci fazasında, diplomatik mübarizə mərhələsindəyik. Vüqar İsgəndərov qeyd edib ki, Cənab Prezident İlham Əliyev uzaqgörən siyasəti, müdrikliyi və siyasi, diplomatik gedişləri ilə bu müharibənin də önündədir:
"Cənab İlham Əliyev Ali Baş Komandan, lider kimi bu müharibəni də çox uğurla aparır. Azərbaycan xalqı da bir yumruq halında Cənab Prezientin ətrafında birləşib. Hərə öz çalışdığı sahədə, bacardığı qədər ölkə başçısına dəstək verir ki, bu da xalqımızın birliyini göstərir".
Millət vəkili onu da deyib ki, 2021-ci il həm də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı qurucluq, abadlıq işləri ilə yadda qalacaq:
"Necə ki, Vətən müharibəsində Ali Baş Komandan, Ordu və xalq birliyi ilə dünyaya beşinci nəsil innovativ müharibəni, Azərbaycan Ordusunun gücünü, cəsurluğunu göstərdik, eləcə də postmüharibə dövründə də 2021-ci ili yaddaşlarda quruculuq, abadlıq, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma ili kimi dünyaya nümayiş etdirdik. Həmçinin 2021-ci ildə biz yeni azərbaycanlı obrazını dünyaya göstərdik. Bu erməni vandallığı, barbarlığına qarşı quran, inşa edən azərbaycanlı obrazıdır. Biz 2021-ci ildə 8 aya Füzuli Beynəlxalq Hava Limanının inşasını təmin edən insanlar olduq. Eyni zamanda biz "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələrini yaradan, onu icra edən insanlar olduq və bunu dünyaya nümayiş etdirdik. Təbii ki, bütün bunlar 2021-ci ilin bizim üçün uğurlu il olduğunu deməyə əsas verir".
NEWSCENTER.AZ