Newscenter.az.16.12.2021. Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşünün nəticəsi barədə Şarl Mişel tərəfindən səsləndirilmiş bəyanat Azərbaycanın mövqeyinin dəstəklənməsi kimi dəyərləndirilir.
Brüssel bəyanatında Azərbaycanın haqlı mövqeyi əks olunub, münaqişənin aradan qaldırılması və hərtərəfli sülh müqaviləsinin imzalanması barədə çağırış edilib. Bu isə dövlət başçımızın sülh müqaviləsi təklifinə dəstək deməkdir. Çünki Azərbaycanın qələbəsi ilə başa çatmış Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, artıq münaqişə keçmişdə qalıb və sülh haqqında danışmaq lazımdır.
Avropa İttifaqı Şurasının Prezidenti bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslərin mövzusu daxil edilib və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd mindən çox azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.
Bununla yanaşı, bəyanatda sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, dəmir yolu xəttinin çəkilməsi əks olunub, habelə minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib ki, bu da vacib məqamlardan biri hesab olunur.
Bəyanatda səsləndirilən çağırışlar Azərbaycanın mövqeyinə dəstəyi nümayiş etdirir və bu bəyanat dövlət başçımızın növbəti diplomatik uğurudur.
Jalə Əhmədova-Milli Məclisin deputatı