Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncliyi dünya Olimpiya Hərəkatına daha möhtəşəm töhfələr verəcək

Azərbaycan gəncliyi dünya Olimpiya Hərəkatına daha möhtəşəm töhfələr verəcək


Newscenter.az.17.12.2021. Bütün sivil cəmiyyətlərin nail olmaq istədikləri əsas vəzifələrdən biri də sağlam və savadlı gənc nəslin yetişdirilməsi ilə bağlıdır. O cəmiyyətlərdə ki, bu hədəf dövlətin də prioritet vəzifəsinə, dövlət siyasətinin tərkib hissəsinə çevrilir, həmin cəmiyyətlərdə gəncliklə bağlı ümidlər özünü mütləq doğruldur. Ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən cəmi 30 il keçir. Bu, tarixi dəyərləndirmə baxımından elə də böyük zaman kəsiyi demək deyil. Azərbaycan idmanı qısa müddətdə kütləvi fenomenə ona görə çevrilə bildi ki, əsasən gənclərimizin asudə vaxtının səmərəli təşkilinə xidmət edən idmana qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.

Sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin təmin olunması dünya Olimpiya Hərəkatının əsasını təşkil edir. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə 1997-ci ildən rəhbərlik edir. Ölkəmizin elə bir bölgəsi yoxdur ki, bu illər ərzində orada ən müasir Olimpiya İdman Kompleksi inşa olunmasın. Bakıda 70 min tamaşaçı tutumu olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və böyük investisiya tələb edən digər idman obyektləri də məhz bu illər ərzində inşa olunub. Yaradılan idman infrastrukturu imkan verdi ki, ölkəmiz birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına, coxsaylı beynəlxalq yarışlara ev sahibliyi etsin. Avropa və Dünya çempionatlarında, idman hərəkatının zirvəsi sayılan Olimpiya Oyunlarında qazanılan qələbələrin, nailiyyətlərin təməlində ölkəmizdə idmana olan dövlət münasibəti dayanır. Bu, mübaliğəsiz belədir!

Gənclər görəndə ki, zərərli vərdişlərdən uzaq olub idmana-sağlam həyat tərzinə üstünlük vermələri əksər uğurlarının açarıdır, məşqçi heyəti əmin olanda ki, onların zəhmətinə cəmiyyətin ehtiyacı və dövlətin gündəlik qayğısı var, heç şübhəsiz, böyük qələbələr də qaçılmaz olur. Ən başlıcası, gənc nəsil vətənpərvər və sağlam əqidədə, milli-mənəvi dəyərlərimizə bağlı ruhda yetişir. Prezident İlham Əliyev təsadüfən vurğulamır ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə Azərbaycan gəncliyinin müstəsna xidmətləri var. Əminəm ki, bu tarixi Zəfərdən sonra gənclərimiz həm həyatda, həm də peşəkar idmanda daha inamlı qələbələrə imza atacaqlar. Çünki onların gözləri qarşısında Vətənimizin bütövlüyünə, milli ləyaqət hissimizin ucalığına xidmət edən Müzəffər Ali Baş Komandan, qalib Lider nümunəsi var. Məhz belə bir Liderin Milli Olimpiya Komitəsinə yenidən rəhbər seçilməsi, heç şübhəsiz, gənclərimiz üçün ən dürüst və ən uğurlu motivasiya deməkdir. Hamımız inanırıq ki, Azərbaycan gəncliyi dünya Olimpiya Hərəkatına daha möhtəşəm töhfələr verəcək, qalib xalqımızın qalib ruhuna yaraşan qələbələrə imza atacaq!

Ülvi Quliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş