Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli İnsanov yenidən müxalifətin qəzəbinə tuş gəlib

Əli İnsanov yenidən müxalifətin qəzəbinə tuş gəlib


Newscenter.az.17.12.2021. İqtidarla müxalifət hər zaman dialoq prosesində olmalıdır və bunun üçün gah iqtidardan, gah da müxalifətdən təkliflərin gəlməsi, təşəbbüs göstərilməsi tamamilə normaldır. Son zamanlar ölkə müxalifətinin aparıcı qüvvələrindən birinə çevrilmiş Haqq Ədalət Partiyasının hakimiyyətlə dialoqa getməsinə də məhz bu baxış açısından, konstruktiv yöndən yanaşmaq lazımdır. Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun, Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşü ictimai-siyasi proseslərin sivil məcrada cərəyan etməsi istiqamətində atılan olduqca mühüm addım və demokratik davranış nümunəsidir. Biz ölkədə hər zaman dialoqun, barışın, konsensusun hökm sürməsinin tərəfdarı olan bir siyasi partiya kimi bu görüşü müsbət əhəmiyyətli hadisə kimi qiymətləndiririk.

Ancaq əfsuslar olsun ki, bu görüşə aqressiv münasibət sərgiləyənlər, Əli İnsanovu Ədalət Vəliyevlə görüşdüyünə və Prezident İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan etməsinə görə qərəzli tənqid atəşinə tutanlar da var. Bu görüşdən sonra Əli İnsanov özünün də gözləmədiyi halda sosial şəbəkələrdə radikal müxalifətin “troll”ları tərəfindən hücumlara, ittihamlara məruz qalıb. Başqa sözlə desək, Əli İnsanov uzun illərdən sonra yenidən müxalifətin qəzəbinə tuş gəlib. Onu müxalifətə qarşı xəyanət etməkdə ittiham edirlər. Ancaq bu cür geriçi zehniyyətin daşıyıcıları olan həmin radikallar bir həqiqəti heç cürə anlaya bilmirlər ki, bir müxalifət liderinin dövlət rəsmisi ilə, iqtidar nümayəndəsi ilə görüşüb, fikir mübadiləsi aparması, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ölkəmiz və xalqımız üçün vacib olan məsələləri geniş müzakirə etməsi xəyanət və satqınçılıq yox, sağlam siyasi təfəkkür nümunəsidir.

Radikalların özlərinin də ağız dolusu tərifləyib ideallaşdırdıqları Qərb ölkələrində də iqtidar rəsmiləri ilə müxalifət nümayəndələri arasında zaman-zaman bu cür təmasların olduğunu hamımız yaxşı bilirik. Heç uzağa getməyək, elə qardaş Türkiyənin nümunəsində də bunu əyani olaraq müşahidə etmək, görmək mümkündür. Ana müxalifət qüvvələrinin təmsilçilərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərini hamımız görmüşük. Belə bir sivil ənənə nəhayət ki, bizim ölkəmizin də siyasi mühitində oturuşmalı, siyasi mədəniyyətimizin bir elementinə çevrilməlidir. Bu kimi hallar o qədər adiləşməlidir ki, nəinki Əli İnsanovun, hətta AXCP və Müsavat Partiyası kimi radikal müxalifət qüvvələrinin liderlərinin də İlham Əliyevlə görüşmək istəklərinə tamamilə adi hal kimi yanaşmalıyıq. Belə bir istəkdə bulunmaq, bir müxalifət liderinin ölkə başçısı ilə görüşmək istəyini dilə gətirməsi qətiyyən satqınlıq kimi yozulmamalıdır. Biz bu zehniyyətdən, bu ibtidai icma təfəkküründən əl çəkməliyik.

21-ci əsrin siyasiləri bu cür mağara təfəkkürü ilə irəli gedə, heç nəyə nail ola bilməzlər. Anlaşma yolunu, barış və dialoq yolunu, qarşılıqlı komromislər yolunu, konstruktiv əməkdaşlıq yolunu, demokratiyaya birgə "yumşaq keçid" yolunu seçmək lazımdır. Bunu ölkəmizin maraqları tələb edir. Ölkə maraqlarını firqə maraqlarına qurban vermək olmaz. İndi dar firqə maraqlarının əsarətindən qurtulub, ümumölkə mənafelərinə köklənməyin zamanıdır. İqtidar müxalifətə görüş, dialoq əlini uzadırsa, müxalifət iqtidarla bir araya gəlməyi, anlaşma və uzlaşma nümunəsi göstərməyi, hökümətlə demokratiyanın inkişafı məsələlərini birgə müzakirə etməyi, ölkəmizin gələcəyi ilə bağlı məsuliyyətini dərk etməyi bacarmalıdır. Azərbaycanın maraqları firqə maraqlarından öndə gəlməlidir.

Danışıqlara, dialoqa hər zaman açıq olmaq lazımdır. Ölkədə siyasi stabilliyin qalıcı olmasını və iqtidar-müxalifət münasibətlərinin sivil məcrada inkişaf etməsini istəyiriksə, suyu bulandırmaq taktikasından, aranı qızışdırmaq vərdişlərindən çəkinməliyik, Əli İnsanovun və digərlərinin iqtidarla təmaslarına sıcaq yanaşmalıyıq. Əli İnsanovu tənqid etməyə nə var ki? Bu, qəhrəmanlıq deyil. Mənim də əvvəllər Əli İnsanovu tənqid etdiyim hallar olub. Ancaq tənqidin də, təqdirin də öz yeri var. Əli İnsanovun bu son addımı tənqid yox, təqdir olunası addımdır. Milli həmrəyliyimiz naminə təqdir etməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş