Newscenter.az.17.12.2021. Əks-hücum nəticəsində Ermənistan silahlı qüvvələrini və oyuncaq Dağlıq Qarabağ rejiminin tör-töküntülərini əzəli torpaqlarımızdan qovmaqla müzəffər Azərbaycan Ordusu regionun gələcək inkişaf vektorunu müəyyənləşdirən yeni reallıq yaratdı. Məhz bu reallıq fonunda da Azərbaycan milli maraqlarını təmin etmək və böyük qlobal güc mərkəzlərilə münasibətlərini möhkəmləndirməklə bərabər, regional təhlükəsizlik və strateji yol-nəqliyyat kommunikasiyalarının, eləcə də sosial-iqtisadi əməkdaşlıq əlaqələrində yeni mərhələnin əsasını qoydu. Burada qlobal məsələlərlə bağlı fərqli maraqlarla çıxış edən güc mərkəzlərini regional əməkdaşlığın inkişafına fokuslandırmağı bacaran rəsmi Bakının yürütdüyü siyasət, əlbəttə ki, Cənubi Qafqaz xalqlarının, eləcə də yaxın qonşu ölkə xalqlarının münasibətlərinin gələcəyinə müsbət təsir göstərir. Xüsusilə də son 30 ildə işğalçılıq siyasəti yürütdüyünə görə bütün regional inkişaf layihələrindən kənarda qalmış Ermənistanın yeni reallıqdan faydalanmaq şansı var.
Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə erməni siyasi dairələrində revanşist bəyanatlar səsləndirdi. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın siyasi dairələrindən nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük. Prezident İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Azərbaycanın qələbəsi bütün faşistlərin aqibətinin ermənilərin aqibətinə bənzər olacağını göstərdi. Dövlət başçısı bir daha vurğuladı ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə yaranacağı təqdirdə, düşmən dərhal yerindəcə məhv ediləcək: “Onlar da bizim gücümüzü bilirlər və görürlər”.
Müxtəlif siyasi xadimlər və iqtisadçılar da postmüharibə dövründə yeni regional kommunikasiya xətlərinin açılmasının Cənubi Qafqaza göstərəcəyi böyük faydalar barədə fikirlərini açıqlayırlar.
Bir sözlə, Ermənistan öz hərəkətlərinin nəticələrini lazımi şəkildə təhlil etməli və inanmalıdır ki, regionda bütün xalqların sabitliyini və rifahını təmin etmək üçün yeganə yol sülh və əməkdaşlıqdır.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən