Newscenter.az.18.12.2021. Qadın - kainatın yükünü zərif çiyinlərində daşıyan varlıq. Qocaman dünyanı ovuc içi böyüklüyündə ürəyinə sığdıran insan...
Qadın abidədir. Qüruruyla, mənliyiylə həyatını şərəfləndirən. Qadın etalondur. Namusuyla, qeyrətiylə hər kəsə örnək olan. Qadın mücəssəmədir. Duruşuyla baxışıyla aləmi heyran qoyan.
Kimdir bizim qadınlar?
Canımızdan can olan, baş tacımız analar.
Qeyrətimiz, namusumuz, alnıaçıq üzüağ bacılar.
Dəcəl, şıltaq, cənnət qoxulu qız balalar.
Həyatımıza rəng qatan bütün xanımlar.
Xanım adını ləyaqətlə, şərafətlə daşıyan, xatunluğu ilə göz oxşayan, zərafəti ilə ağıllarda qalan, erkəyinin dayağı, dişisinin qanadıdır. Sədaqətiylə, əzmiylə, fədakarlığıyla əks cinsdən hər zaman bir addım öndədir qadın. O zərif çiyinlərində dağların yükünü daşıyıb, ətrafına saçdığı şirin təbəssümüylə qəlbləri ovudandır qadın.
Gözəl olmalıdır qadın. Gedişi də gəlişi qədər möhtəşəm olmalı, yaddaşlarda həkk olunmalıdır. Durduğu yeri bilməlidir qadın. Zərafətiylə ağıllarda qalmalıdır. Gərəkirsə mənliyini qoluna taxıb getməyi bacarmalıdır. Qüruruna sarılıb uyumağı rəzillikdən üstün tutar qadın. Qadın fövqəlbəşər varlıqdır. Qırıldısa parçalarını özünü toplayıb küllərindən yenidən doğular.
Kimisi səhəri sinəsində kağız əskinazla oyanar, kimisi gözünün nurunu töküb paltar toxuyar, kimisi kirpiyiylə od qaldırar, kimisi sübhdən yolları süpürər. Kimisi qadın adını kirlədər, kimisi bizi fəxrləndirər.
Qadın Tanrının heyranlıqla yaratdığı müdhiş canlıdır. Qadın xəzinədir, sərvətdir. Aşikarda xəlvətdir.
Qadın Tomrisdir, Sara xatundur. Qadın Burla Xatundur. Qadın saçının hər teliylə şeirlərə ilham, nəğmələrə bəstədir. Kölgəsiylə belə izlənəndir. Dünyanı önündə diz çökdürən xaqanlar qadın sevgisinə təslim olmuşlar.
Qadın sevər, çox sevər. Varlığıyla həyatını rəngləndirər. Qadın dözər, səbr edər. Hər əzabına can deyər. Qadın gedər, səssiz səmirsiz. Geriyə baxmaz, izsiz ünvansız.
Qadın kimdir? Dualarına səni sığdıran insan. Varlığına şükran, yoxluğuna üsyan edən.
Varlığınız üçün şükr edənlərin həyatınızdan əskik olmaması ümidiylə...
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü