Newscenter.az.18.12.2021. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dövlətimizin siyasətində önəmli yer tutur. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl işlər görülüb”.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin son sosial paket çərçivəsində imzaladığı sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün vətəndaşlarımızın rifah halını yüksəldir:
“Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Bununla yanaşı, Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin, eləcə də dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Bütün bu qərarlar, atılan addımlar bir daha insanların sosial rifahının daha da möhkəmləndirilməsinə xidmət edir”.
“Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir: “Atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir”.
Ruhiyyə