Newscenter.az.20.12.2021. Dekabrın 18-də Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən apteklərdən birinin sahibi Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edib. O, tanımadığı 2 nəfərin özlərini guya dövlət qrumlarından birinin əməkdaşları kimi təqdim edərək apteki yoxlamağa gəldiklərini və obyektin cərimə olunmaması üçün 1000 manat pul tələb etdiklərini bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Arif Məmmədov və Xaliq Rəhimov zərərçəkəndən pul almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər.
Newscenter.az-ın xəbərinə görə, araşdırma zamanı onların heç bir dövlət qurumunun əməkdaşları olmadıqları və özləri ilə gətirdikləri blankların, həmçinin vəsiqələrinin saxta olduğu müəyyən edilib. Saxlanılan şəxslərin üzərində axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdikləri pul vəsaiti və digər sübutlar aşkar olunaraq götürülüb. Arif Məmmədov və Xaliq Rəhimov ifadələrində etdikləri qanun pozuntusunu etiraf edərək eyni əməlləri paytaxtın Qaradağ, Suraxanı, Nərimanov və Yasamal rayonlarında fəaliyyət göstərən bəzi apteklərdə də törətdiklərini bildiriblər.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Mehman