Newscenter.az.20.12.2021. Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə şagirdlər üçün ekoloji maarifləndirmə tədbirləri keçirilir.
Newscenter.az xəbər verir ki, tədbirlərin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaq, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir.
“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”ya əsasən keçirilən tədbirlər zamanı müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə şagirdlərə məlumatlar verilir. Bildirilir ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür.
Tədbirlər zamanı təkrar emala yararlı kağız və plastik tullantıların yenidən istehsalına verə biləcəkləri dəstək barədə şagirdlərlə fikir mübadiləsi aparılır və onları maraqlandıran suallar cavablandırılır.
Şagirdlərin ideya və bacarıqlarına uyğun olaraq müxtəlif lazımsız plastik qablardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək yaratdıqları zövq oxşayan əsərlər, incəsənət nümunələr, müxtəlif eksponatlar nümayiş olunur.
Həmçinin bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.
R.Mehdiyeva