Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Helikopterin qəzaya uğrama SƏBƏBLƏRİ AÇIQLANDI



Newscenter.az.20.12.2021. Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı açıqlama yayıb.

Mətbuat Xidmətindən Newscenter.az-a daxil olan məlumatd aüeyd edilir ki, Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur.

Aparılmış intensiv çoxsaylı istintaq hərəkətləri, ekspertiza və digər tədqiqatlarla müəyyən edilmişdir ki, uçuş-atış təlimlərinin həyata keçirilməsi ilə əlaqədar təsdiq edilmiş plana əsasən aparıcı müəyyən edilən, Dövlət Sərhəd Xidmətinin Mİ-17-1V tipli, 20136 bort nömrəli helikopteri 30 noyabr 2021-ci il tarixdə saat 10:16-da Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədəki aerodromdan havaya qalxmış, onun ardınca təlimdə iştirak edən digər eyni tipli, 20137 bort nömrəli helikopter havaya qalxaraq uçuşa başlamışlar. Helikopterlər bir-birindən təxminən 70 metr aralı olmaqla uçuşu həyata keçirmişlər. Aparıcı 20136 bort nömrəli helikopter 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Müdafiə Nazirliyinin Qaraheybət təlim mərkəzində helikopter meydançasına eniş edərkən qəzaya uğramışdır.

Aparıcı 20136 bort nömrəli helikopter enişə keçərkən həmin helikopterdə olan təlimatçı tərəfindən təlimə cəlb edilmiş digər eyni tipli helikopterin ekipaj heyətinə atış təliminin həyata keçiriləcəyi ərazidə heyvanların olub-olmamasının aydınlaşdırılması tapşırığı verilmişdir. Həmin helikopter verilən tapşırıq üzrə istiqamətini dəyişmədən hərəkətini davam etdirərkən aparıcı helikopterin qəzaya uğramasını müşahidə etdikdən sonra saat 10:36-da eyni koordinat üzrə uğurlu eniş etmişdir.

Qəzaya uğramış desant-nəqliyyat tipli helikopter 2012-ci ildə Rusiya Federasiyasının Kazan şəhərindəki zavodda istehsal olunmuş, müqavilə əsasında həmin ilin sonunda DSX tərəfindən alınaraq istismara buraxılmışdır. İstehsal zamanı helikopterin təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi ("qara qutu") ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə verilmiş sifariş əsasında Çex Respublikasından alınaraq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən 2015-ci ildə helikopterə quraşdırılmışdır. 2020-ci ilin sentyabr ayında müvafiq təlimata uyğun olaraq helikopter texniki baxış və təmir üçün bağlanmış müqaviləyə əsasən Rusiya Federasiyasının Saratov vilayətindəki zavoda göndərilmişdir. 2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra helikopter ölkəyə gətirilərək istismarı davam etdirilməklə qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirilmişdir. Texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən helikopterdə hər hansı nasazlıq aşkar edilməmişdir.

Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilmişdir ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməmişdir.

Helikopterin qəzaya uğramasının səbəblərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən, tədqiqat üçün tam yararlı vəziyyətdə olan uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi ("qara qutu") hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilmişdir.

Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, "ASG Helicopter Services" şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olmuşdur.

Belə ki, ekipaj heyəti tərəfindən helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edilmiş, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük (yer səthindən helikopterə olan məsafə) 101 metr olmuşdur. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanılması nəticəsində helikopterin uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş vermiş və uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metr qeydə alınmışdır. Bundan ötən qısa müddət ərzində pilotlar helikopteri qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməmişlər.

İstintaqla müəyyən edilmişdir ki, helikopterin pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş vermişdir. Helikopterin uçuş parametrlərinin avtomatik qeydiyyat sistemində olan məlumatların təhlilinə əsasən qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan "Şaq-Qaz" dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olmuşdur ki, bu nəticə etibarilə mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarə olunmaz halda olan helikopterin quyruq hissəsinin pərinin (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılmasına səbəb olmuş, daha sonra helikopterin sağ qanadında döyüş sursatının saxlanılması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınmış, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşmüş, hərəkətdə olan aparıcı pərin təsirindən helikopter yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəymiş və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş vermişdir.

Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olmuşdur.

Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxmış, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılmış, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölmüş, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər almışlar.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Kütləvi informasiya vasitələri, habelə sosial şəbəkə istifadəçilərinə helikopter qəzası ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyi və bunun qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət səbəb olacağı barədə xəbərdarlıq edilir.
Xəbəri paylaş