Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid övladlarının Türkiyəyə səfəri başa çatıb



Newscenter.az.20.12.2021. “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində şəhid övladlarının Türkiyəyə səfəri başa çatıb.

Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) şəhid övladlarından ibarət 12 dərnək üzvü və müəllimi Türkiyənin Antalya şəhərində Demre Bələdiyyəsi tərəfindən keçirilən “Bir millət iki dövlət” adlı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən 5 nömrəli UGİM-in direktoru Könül Mustafayeva Vətən Müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyini diqqətə çatdırıb. "Biz bir millət, iki dövlətik" müdrik kəlamının bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu deyən K.Mustafayeva bu şanlı qələbənin əldə edilməsində həmrəyliyin böyük rolu olduğunu və Türkiyənin dəstəyini xatırladıb.

Türkiyədən tədbirə qatılmış qurumların rəhbərləri çıxışları zamanı dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərdən bəhs ediblər. Bildiriblər ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Həmçinin Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilməsinin vacibliyindən söz açıblar.

Şəhid övladları görüşdə ataları haqqında ətraflı məlumat veriblər.

Daha sonra 5 nömrəli UGİM-in şöbə müdiri Sevda Cəlilova Azərbaycan və Ermənistan arasında ədavət tarixi kökləri mövzusunda tarixi faktlara əsaslanan mühazirə söyləyib.

Səfər çərçivəsində “Azərbaycan-Türkiyə dostluğu əbədi və sarsılmazdır” adlı rəqs festivalı, dərnək üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib, “Şəhidlərin ruhu ölməzdir” adlı videoçarx nümayiş olunub.

Şəhid övladlarına Demre Bələdiyyəsi tərəfindən hədiyyələr verilib. 5 nömrəli UGİM-in müəllimləri tərəfindən Azərbaycanın Zəfər simvolu olan Xarıbülbül döş nişanı qardaş ölkə nümayəndələrinə təqdim edilib.

Qeyd edək ki, “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsinin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş