Newscenter.az.21.12.2021. Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Növbəti belə tədbir Şabran və Quba Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən keçirilib. Rayon ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Şabran rayon sakini Telman Quliyev, eləcə də Quba rayon sakinləri - Elmar Fərzəliyev və Tengiz Quliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslərin fəaliyyət göstərdiyi yerlərə baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Faktlarla bağlı onlar barəsində Şabran və Quba RPŞ-lərində araşdırma aparılır.
"Daxili işlər orqanları tərəfindən bundan sonra da məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər barəsində ciddi tədbirlər görüləcək", - məlumatda qeyd edilib.
Mehman