Newscenter.az.21.12.2021. Bakıda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə Aqrobiznesin İnkişafı Forumu keşirilir. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin rəhbər şəxləri, hər iki nazirliyin tabeli qurumlarının, FAO-nun Azərbaycan nümayəndəliyinin, Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin təmsilçiləri, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Newscenter.az xəbər verir ki, iki gün davam edəcək forumun keçirilməsində məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahənin davamlı inkişafı təmin edilib. Bu ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, məhsul ixracı 13 faiz artıb.
Bildirilib ki, aqrar istehsal və emal sənayesinin inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən müvafiq işlər görülür. Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyi ilə birgə aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair Tədbirlər Planı həyata keçirilir. Tədbirlər Planında kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi məqsədilə həmin torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi mexanizmi təkmilləşdiriləcək. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracyönümlü aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb. Əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək. Hazırda azad olunmuş ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına da dəstək olacaq. Aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev aqrar sahədə görülən işlərə toxunub və bildirib ki, ardıcıl və sistemli tədbirlər nəticəsində son illər ərzində ölkədə kənd təsərrüfatı sahəsi dinamik inkişaf etməkdədir.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora dövlət dəstəyi tədbirlərindən bəhs edib. O bildirib ki, aqrar sektorun inkişafı istiqamətində həyata keçirilmiş islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar ölkə iqtisadiyyatında bu sahənin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, aqrobiznes sahəsində torpaq sahələrindən və su resurslarından effektiv istifadə olunması, əlavə dəyər yaradacaq istehsal sahələrinin qurulması, o cümlədən aqrar sektorda emalın dərinləşməsi, ixrac imkanlarının artırılması və yeni ixrac kanallarının tapılması, müasir texnologiyaların təbiqi və elmi yanaşma, dövlət-özəl tərafdaşlığı imkanlarından istifadənin genişləndirilməsi, klasterləşmənin tətbiq edilməsi, sahibkarların maarifləndirilməsi işinin daha da genişləndirilməsi əsas çağırışlardan hesab olunur.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev, Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin Əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və digərləri aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri, aqrobiznes sahəsinin inkişafı və bu sahədə çağırışlar, o cümlədən bu sahənin inkişafı ilə bağlı dövlət-özəl sektor əməkdaşlığı məsələlərinə toxunublar.
Forum öz işini panel sessiyalarla davam etdirib. Forumda aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, bank sektorunda aqrobiznesin maliyyələşdirilməsi təcrübəsi, maliyyə alətləri, risklər və onların tənzimlənməsi ilə bağlı təkliflər, aqrar sahədə sahibkarlığın inkişafı, çətinliklər və imkanlar, aqrar sahənin inkişafında dövlətin rolu, dövlət dəstəyi tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Aqrobiznesin İnkişafı Forumu öz işini sabah başa çatdıracaq.
Sevinc