Newscenter.az.22.12.2021. Qazaxıstan Milli Elmlər Akademiyası (MEA) və Çokan Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə Qazaxıstanda antropoloji tədqiqatların banisi Orazak İsmaqulov və tanınmış antropoloq Aynagül İsmayılovanın beynəlxalq mükafatlandırma mərasimi keçirilib.
Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, Qazaxıstanın müstəqilliyinin 30 illiyi münasibətilə keçrilən MEA Elm Ordasında baş tutan tədbirdə MEA prezidenti Murat Jurınov, Beynəlxalq Türk Akademiyasının (BTA) vitse-prezidenti Füzuli Məcidli, Qazaxıstan Xarici İşlər Nazirliyi Almatı nümayəndəliyinin rəhbəri Askar Şokıbayev, elmi ictimaiyyətin nümayəndələri və ziyalılar iştirak edib.
Askar Şokıbayev Qazaxıstan Xarici İşlər Nazirliyi adından İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qızıl medalını, Fəxri Fərmanını və pul mükafatını Orazak İsmaqulova təqdim edib. Noyabrın 28-də Aşqabadda keçirilən İƏT-in 15-ci Sammiti zamanı qaliblər üzv ölkələrin dövlət başçıları tərəfindən elan edilib. Orazak İsmaqulov tarix, mədəniyyət, ədəbiyyat və təsviri incəsənət nominasiyasında birinci yeri tutub.
Mərasimdə BTA-nın vitse-prezidenti Füzuli Məcidli tanınmış alim-antropoloq Aynagül İsmaqulovaya Türk Akademiyasının gümüş medalını təqdim edib.
Tədbir iştirakçıları tanınmış antropoloqların qazax xalqının antropoloji etnogenezinin öyrənilməsinə verdiyi töhfələrə dair məruzələrlə çıxış ediblər.
Orazak İsmaqulov uzun illər Tarix və Etnologiya İnstitutunda çalışıb. Onun tədqiqatları əsasında Qazaxıstanda ilk etnik antropologiya laboratoriyası yaradılıb. Bu gün belə laboratoriyalar Qazaxıstan Milli Muzeyində (Nur-Sultan) və Muxtar Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetində (Çimkənt) fəaliyyət göstərir.
NEWSCENTER.AZ